Sentyabrın
11-də Bakı Slavyan Universitetində Şuşa rayon təhsil
işçilərinin konfransı keçirildi. Konfransda Təhsil
Nazirliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin, rayon
təhsil şöbəsinin nümayəndələri, millət vəkilləri və
digər qonaqlar iştirak edirdilər.
Öncə ulu öndər Heydər Əliyevin büstü önünə əklil
qoyuldu.
Konfransı giriş sözü ilə Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov açdı və iştirakçıları
salamlayaraq təhsil işçilərini yeni dərs ili
münasibətilə təbrik etdi.
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev rayon
məktəblərinin fəaliyyətindən danışdı və ali məktəblərə
qəbul imtahanlarında ayrı-ayrı məktəblər üzrə
abituriyentlərin göstərdiyi nəticələri diqqətə çatdırdı.
T.Əliyev qeyd etdi ki, ötən dərs ilində rayon üzrə tam
orta məktəbi bitirən məzunların 45 faizi ali məktəblərə
qəbul olunub.
Bakı Slavyan Universitetinin rektoru, professor Kamal
Abdullayev Şuşa rayon təhsil müəssisələri ilə
əlaqələrindən söz açdı və BSU-da oxuyan tələbələrin
gələcəkdə bu məktəblərdə pedaqoji təcrübə keçmələrinin
nəzərdə tutulduğunu qeyd etdi.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın
rayonlarına, o cümlədən Şuşa rayon təhsil işçilərinə
göstərilən dövlət qayğısından danışdı.
Təhsil naziri Misir Mərdanov Şuşa rayon təhsil
işçilərini qarşıdan gələn "Bilik günü" münasibəti ilə
təbrik etdi və yeni dərs ilində onlara daha böyük
uğurlar arzuladı. Misir Mərdanov Şuşa rayon
məktəblərində təhsil islahatlarının həyata keçirilməsi
baxımından mühüm işlər görüldüyünü, tədris prosesində
müasir təlim metodlarının tətbiq edildiyini nəzərə
çatdırdı. Təhsil müəssisələrinin maddi-texniki bazasının
yaxşılaşdırılmasını ölkə Prezidenti cənab İlham Əliyevin
bu sahəyə olan diqqət və qayğısının təzahürü kimi
səciyyələndirən nazir ölkəmizin sürətli inkişafı
sayəsində daha böyük uğurların qazanılacağına inamını
ifadə etdi.
Sonra Şuşa rayon təhsil müəssisələrində çalışan bir qrup
müəllimə Təhsil Nazirliyinin Fəxri fərmanı və
"Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş
nişanı təqdim olundu və yüksək bal toplayaraq ali
məktəblərə qəbul olan məzunlara Şuşa Rayon İcra
Hakimiyyəti tərəfindən mükafatlar verildi.
Şakir CƏFƏROV |