Sentyabrın
9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün
ailəsi üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsi
münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı qəsəbədə tikilən 360 şagird yerlik
Ağdam 29 nömrəli məcburi köçkün tam orta məktəbinə
gəldi.
Dövlətimizin başçısı 29 nömrəli tam orta məktəbində
yaradılmış şəraitlə tanış oldu.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat
verdi ki, yüksək şəraiti ilə seçilən, müasir
təlim-tədris avadanlığı ilə diqqəti cəlb edən bu
məktəbdə müəllim və şagird kollektivi üçün hər cür
şərait yaradılmışdır. Bu, bir daha təsdiqləyir ki,
Azərbaycan zəngin təbii sərvətlərdən səmərəli istifadə
yolu ilə insan kapitalının daha da inkişaf etdirilməsini
prioritet istiqamət seçmişdir. Prezident İlham Əliyevin
təhsilin inkişafına göstərdiyi diqqət və qayğı
təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət
siyasətinin vacib prinsipləri sırasına daxil edilmişdir.
Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də
əhatə edir, doğma yurdlarından didərgin düşən
soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına
xidmət edir. Ölkəmizdə heç bir dövrdə olmayan qədər
məktəb binası tikilmiş, bir çox məktəb üçün yeni
korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar
bölgələrimizi də əhatə etmişdir. Məktəblərin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də
mühüm işlər görülmüşdür.
Diqqətə çatdırıldı ki, qəsəbədə 50 yerlik uşaq bağçası
da inşa olunmuşdur. Bağçada balacaların təlim-tərbiyəsi
üçün bütün tələblər nəzərə alınmışdır. Ərazidə klub-icma
mərkəzi, inzibati bina, ambulatoriya və poçt binaları da
inşa edilmişdir. Bu qəsəbə Şəki rayonunun Kiş
bələdiyyəsinin ərazisində Prezident İlham Əliyevin
2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə
Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq
edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa
olunmuşdur. Yeni qəsəbəyə Şəki rayonundakı fin tipli
qəsəbədə məskunlaşan 372 ailə və ya 1551 nəfər, o
cümlədən məktəb binasında yerləşən 51 ailə və ya 209
nəfər, ümumilikdə 423 ailə və ya 1760 nəfər
köçürüləcəkdir. Məcburi köçkün ailələrindən 149-u
Ağdamdan, 168-i Laçından, 53-ü Kəlbəcərdən, 44-ü
Şuşadan, 9-u isə Xocalıdandır. Qəsəbənin ərazisi 84
hektardır və buradakı evlərdən 17-si birotaqlı, 211-i
ikiotaqlı, 175-i üçotaqlı, 20-si isə dördotaqlıdır. Yeni
qəsəbə Dövlət Neft Fondundan ayrılan 33 milyon 227 min
manat vəsait hesabına Məcburi Köçkünlərin Sosial İnkişaf
Fondu tərəfindən tikilmişdir.
Azərbaycan Prezidenti məktəbin idman zalında şagirdlərin
nümunəvi çıxışlarına baxdı, onlarla xatirə şəkli
çəkdirdi.
Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin
və Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və
qayğısını əks etdirən stendlər yaradılmışdır.
Dövlətimizin başçısı məktəbin eyvanından ətrafı seyr
etdi.
Prezident İlham Əliyev qəsəbədə yaradılmış şəraiti
yüksək qiymətləndirdi.
AzərTAc |