Qax
rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham
Əliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə
verilmiş 300 şagird yerlik Güllük kənd ümumi orta
məktəbinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Qax
rayonunda baş vermiş təbii fəlakət nəticəsində qəzalı
vəziyyətə düşən 10 məktəb binası sökülmüşdür. Fövqəladə
Hallar Nazirliyinin sifarişi ilə podratçı təşkilatlar
tərəfindən Ləkit kəndində 420, Zərnə kəndində 240,
Qorağan kəndində 220 şagird yerlik tam orta məktəblərin
binalarında tikinti işləri davam etdirilir. Güllük
kəndində isə məktəbin əsaslı təmir işləri başa
çatdırılmışdır. Sahəsi 163 kvadratmetr olan iki əlavə
korpus tikilərək istifadəyə verilmişdir. Korpuslardan
birində idman zalı, digərində isə elektron kitabxana,
oxu zalı, kompüter otağı fəaliyyət göstərəcəkdir.
Qeyd edildi ki, ikimərtəbəli məktəbdə 100-dən çox
şagird təhsil alacaqdır. Təmir işləri zamanı məktəb
tamamilə müasir səviyyədə yenidən qurulmuşdur.
Əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış
olan Prezident İlham Əliyev müvafiq tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc |