Azərbaycan
Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatalada 500
şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış
mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış
oldu.
Prezident İlham Əliyev məktəbin əvvəlki və sonrakı
görüntülərini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, bu ilin mayında Zaqatalada baş
vermiş zəlzələ nəticəsində Gözbarax kənd tam orta
məktəbinin binası tamamilə yararsız vəziyyətə düşmüşdür.
Prezidentin göstərişinə əsasən bu il iyunun 12-də
Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni
binanın tikintisinə başlanmışdır. Bina yüksək
keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa
olunmuşdur.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına
diqqət və qayğısını əks etdirən fotostendlər, eləcə də
dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır. Yeni
avadanlıq və dərs ləvazimatları ilə təmin edilmiş
məktəbdə 36 sinif otağı, fənn kabinetləri, zəngin
ədəbiyyat fonduna malik kitabxana, kompüter otaqları,
akt zalı, şagirdlər üçün istirahət zalları, 150 nəfərlik
yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər
otaqlar vardır.
Bildirildi ki, müasir qurğularla təmin edilmiş idman
zalında basketbol, mini futbol və idmanın digər növləri
ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır.
İbtidai hərbi hazırlıq kabinetinin də olduğu təhsil
ocağında biologiya, fizika, kimya fənlərinin əyani
vəsaitlərlə öyrənilməsi üçün laboratoriyalar fəaliyyət
göstərəcəkdir. Bununla yanaşı, şagirdlərin asudə
vaxtlarının və peşə vərdişlərinin səmərəli təşkili üçün
emalatxanalar yaradılmışdır. Məktəbin binası
havalandırma və yanğın həyəcanı sistemləri ilə təchiz
edilmişdir.
Prezident İlham Əliyev sinif otaqlarında, fənn
kabinetlərində, kitabxanada, yeməkxanada və idman
zalında yaradılmış şəraitlə tanış oldu.
Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən
razılığını bildirdi.
AzərTAc |