Sentyabrın
9-da Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala
rayonunun Gözbarax kəndində uşaq bağçasının açılışında
iştirak etmişdir.
Azərbaycan Prezidenti uşaq bağçasının rəmzi açılışını
bildirən lenti kəsdi.
Prezident İlham Əliyev cari il mayın 9-da zəlzələdən
zərər çəkmiş Gözbarax kəndində olarkən sakinlər burada
uşaq bağçasının tikilməsini xahiş etmişdilər.
Dövlətimizin başçısı bu kənddə uşaq bağçasının inşası
barədə tapşırıq vermişdi. Ümumi sahəsi 1350 kvadratmetr
olan bağçada 50 uşağın təlim-tərbiyəsi üçün hər cür
şərait yaradılmışdır. Fövqəladə Hallar Nazirliyinin
xətti ilə inşa edilmiş bağçada qazanxana, iki su anbarı
tikilmiş, transformator quraşdırılmışdır.
Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin,
Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
uşaqlara diqqət və qayğılarını əks etdirən fotostendlər
yaradılmışdır. Burada 21 otaq, o cümlədən yeməkxana,
kitabxana, həkim, musiqi otaqları və digər otaqlar
vardır. Bağça iki qrup üzrə fəaliyyət göstərir. Burada
iki yaşından altı yaşınadək olan uşaqlara təhsilin ilkin
mərhələsi ilə yanaşı, rus və ingilis dilləri
öyrədiləcəkdir. Bunun üçün bağça lazımi dərs
ləvazimatları ilə təchiz olunmuşdur.
Qeyd edildi ki, bağçada uşaqlara rəqs və musiqi dərsləri
də keçiriləcəkdir. Bağçada uşaqların əylənmələri, asudə
vaxtlarını səmərəli keçirmələri üçün qış və yay oyun
zalları fəaliyyət göstərəcəkdir.
Prezident İlham Əliyev yeməkxanada və mətbəxdə yaradılan
şəraitlə tanış oldu.
Bağçanın ətrafında geniş abadlıq işləri görülmüş,
uşaqların istirahəti üçün müxtəlif attraksionlar
quraşdırılmışdır.
Görülən işlərdən razılığını bildirən Prezident İlham
Əliyev bağçanın kollektivinə uğurlar arzuladı.
AzərTAc |