Prezident İlham Əliyev açılış mərasimində iştirak edib
Sentyabrın
9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
ölkəmizin şimal-qərb bölgəsinə səfəri çərçivəsində
Zaqatalada 750 şagird yerlik Nizami Hüseynov adına şəhər
2 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak
etmişdir.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat verildi ki, 1952-ci ildə inşa edilmiş bu məktəb
500 şagird yerlik olmuşdur. Cari il mayın 7-də baş verən
zəlzələ nəticəsində məktəbin binası qəzalı vəziyyətə
düşmüşdür. Azərbaycan Prezidentinin tapşırığına əsasən
bu təhsil ocağı yenidən tikilmişdir. Müasir görünüşü ilə
diqqəti cəlb edən yeni məktəb binasında tədrisin
keyfiyyətlə aparılması üçün bütün şərait yaradılmışdır.
Müasir avadanlıqla və dərs ləvazimatları ilə təmin
edilmiş məktəbin üçmərtəbəli binasının ümumi sahəsi bir
hektardır.
Burada A, B, C, D, E tədris blokları fəaliyyət göstərir.
Məktəbin həyətində açıq futbol meydançası,
mərkəzləşdirilmiş istilik sistemi yaradılmış, iki su
anbarı, transformator quraşdırılmışdır.
Məktəbin binasının birinci mərtəbəsində ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin
inkişafına diqqət və qayğısını əks etdirən fotostend
vardır.
Məktəbdə yaradılmış şəraitlə tanışlıq zamanı Prezident
İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada 45 sinif
otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik
kitabxana, akt zalı, şagirdlər üçün istirahət zalları,
250 nəfərlik yeməkxana, bufet, müəllim otaqları,
inzibati və digər otaqlar vardır. Burada, həmçinin
ingilis dili, İnternetə qoşulmuş kompüter otaqları,
müasir avadanlıqla təmin edilmiş laboratoriyalar
fəaliyyət göstərir. Bu da şagirdlərin bilik və
bacarıqlarının daha da genişləndirilməsinə böyük
imkanlar açır. Hazırda məktəbdə təhsil alan 700 şagirdin
təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Tədrisin
rus dilində aparıldığı məktəbdə ağac, metal üzərində
oyma, tikiş emalatxanaları da fəaliyyət göstərir. Bu da
şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri ilə
yanaşı, peşə sahəsində bilik və bacarıqlarını
artırmalarına imkan yaradır.
Bildirildi ki, məktəbin müasir qurğularla təmin edilmiş
idman zalında mini futbol, basketbol və idmanın digər
növləri ilə məşğul olmaq üçün lazımi şərait vardır.
Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən
razılığını bildirdi, kollektivə yeni tədris ilində
uğurlar arzuladı.
AzərTAc |