Tailandın Pattaya şəhərində keçirilən gənclərin dünya
çempionatında yunan-Roma güləşi yarışları Azərbaycan
pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalmışdır.
AzərTAc xəbər verir ki, böyük məşqçi İlqar Abdulov və
məşqçi Fuad Əliyevin rəhbərliyi altında Tailanda
yollanan yığmamızın üzvlərindən Murad Bazarov (50 kq),
Eldəniz Əzizli (55 kq) və Ceyhun Əliyev (66 kq)
keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq
fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Çempionatda 120 kiloqram çəki dərəcəsində mübarizə
aparan güləşçimiz Zaur Mehrəliyev isə bürünc medala
sahib olmuşdur.
Bu 4 medal, eyni zamanda 9-cu yeri tutan Şamil
Ertuqanovun (74 kq) millimizə qazandırdığı 2 xal
yığmamızın 40 xalla komanda hesabında birinci yeri
tutmasını təmin etmişdir. II-III yerləri isə 38 xalla
müvafiq olaraq Rusiya və Türkiyə komandaları
bölüşmüşlər.
Son bir ay ərzində Azərbaycan güləşçiləri iştirak
etdikləri beynəlxalq yarışlarda öz qələbələri ilə
xalqımızı sevindirmişlər. Belə ki, Londonda keçirilən
XXX Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3
bürünc medal qazanan güləşçilərimiz Azərbaycan Olimpiya
Hərəkatında yeni bir tarix yazmışlar. Bu uğurun davamı
olaraq bir neçə gün əvvəl Bakıda keçirilən
yeniyetmələrin dünya çempionatında güləşçilərimiz
ümumilikdə 19 medal qazanmışlar ki, bunlardan 9-u qızıl,
5-i gümüş və 5-i bürünc olmuşdur. |