Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi
məktəbinin VII sinif şagirdi, Prezident təqaüdçüsü
Nəriman Əmiraslanov və onun müəllimi Siala
Sinamdzqvarişvili bu ilin 16-23 avqust tarixlərində
Avstriyanın paytaxtı Vyanada pianoçuların XII beynəlxalq
müsabiqəsində iştirak ediblər.
Qeyd edək ki, Vyana şəhər rəhbərliyinin sponsorluğu və
"Panmusica Austria" Assosiasiyasının təşkilatçılığı ilə
gerçəkləşdirilən müsabiqə çərçivəsində ustad dərsləri də
təşkil olunub.
Avstriya, Rusiya, ABŞ, Yaponiya, Koreya, Çin, Qazaxıstan
və digər ölkələrdən ifaçıların iştirak etdiyi üç yaş
qrupu və iki mərhələdə keçirilən müsabiqənin A qrupunda
(12 yaşadək) Azərbaycanı Nəriman Əmiraslanov təmsil
edib.
Birinci mərhələdən öncə tanınmış professor Chung Leedən
ustad dərsləri alan 12 yaşlı pianoçumuz V.A.Motsartın Do
minor sonatasının birinci hissəsini və Lya major
sonatasının üçüncü hissəsini - "Türk marşı"nı ifa edib.
Bu mərhələdə uğurla çıxış edən Nəriman 7 iştirakçı ilə
birlikdə ikinci mərhələyə vəsiqə qazanıb.
Müsabiqənin finalı avqustun 23-də List zalında
keçirilib. Kipr, Yaponiya, Argentina və Macarıstandan
olan münsiflər heyətinin qərarı ilə A qrupunda ikinci
mərhələdə çıxış edən yeddi iştirakçıdan birinci yerə
Çin, ikinci yerə Yaponiya nümayəndələri, üçüncü yerə isə
Azərbaycanı təmsil edən Nəriman Əmiraslanov layiq
görülüb.
Sənət yarışmasının sonunda qaliblərə diplom və xüsusi
hədiyyələr təqdim olunub.
Samirə KƏRİMOVA |