Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

"Mənim musiqi aləminə gəlişim Üzeyir bəyin xeyir-duası ilə oldu" - xalq artisti Sara Qədimova ilə səkkiz il əvvəl olan söhbət

 

Sara Bəbiş qızı Qədimova 31 may 1922-ci ildə Bakı şəhərində doğulub. Müğənni kimi yetişməsində Xan Şuşinskinin, Seyid Şuşinskinin, Hüseynqulu Sarabskinin böyük təsiri olub. 1941-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyətə başlayıb. Orada işləyə-işləyə 1956-cı ildən 1966-cı ilə qədər Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında da çalışıb. "Leyli və Məcnun"da  Leyli,  "Əsli və Kərəm"də  Əsli partiyalarının əsas ifaçısı olub. Sara Qədimovanın repertuarında muğamlarımız, bəstəkar və xalq mahnılarımız əsas yer tutsa da, o, əcnəbi xalqların mahnılarını da qüsursuz ifa edə bilirdi. Sara xanım müxtəlif illərdə İran, İraq, Türkiyə, Suriya, Liviya, Mərakeş, Misir, Efiopiya, Tunis, Qana, Qvineya, Monqolustan, Bolqarıstan, Almaniya, Çexoslovakiya, İndoneziya və bir sıra başqa ölkələrdə qastrollarda olub, Azərbaycanın, Azərbaycan incəsənətinin, Azərbaycan musiqisinin dünyaya tanıdılmasında misilsiz xidmətlər göstərib. Sara Qədimova 12 may 2005-ci ildə dünyasını dəyişib. 

2004-cü ilin payız günlərindən birində ömrünün doqquzuncu onilliyini yaşayan Sara Qədimova ilə Mətbuat prospektindəki  təzə mənzilində görüşdüm.  Mürəbbə bişirmək üçün heyva dilimləyirdi, tələsmədən, səbirlə... Stolun üstündəki böyük teşt doğranmış heyva ilə dolmaqda idi. 2005-ci ilin may ayının 12-də Sara xanımın vəfat etdiyini eşitdim. Nədənsə,  Sara xanımın payızda bişirdiyi  heyva mürəbbəsi yadıma düşdü. Bişirdiyi bir teşt heyva yəqin ki, hələ qurtarmamışdı, amma  Sara xanım daha yoxdu... İndi o gündən səkkiz ilə yaxın bir müddət ötsə də, Sara xanımın səsi hələ  də qulağımdan  getməyib... 

- Mənim musiqi aləminə gəlişim 1939-cu ildə Üzeyir bəyin xeyir-duası ilə oldu. Əvvəl Əbilov klubunda Zülfü Adıgözəlovdan dərs aldım, sonra o əlimi verdi Hüseynqulu Sarabskinin əlinə. Başladım ondan muğam dərsi almağa. Gözəl muğam bilicisiydi Hüseynqulu.

Anam bakılı qızıydı. Ana babamgilin keçmiş Krupskaya küçəsindəki üçmərtəbəli evi indi də durur. Uşaq vaxtı babamgilin Pirşağıdakı bağlarında o qədər ağaca çıxıb oxumuşam ki...Səkkiz yaşım olanda qəzəlləri səhvsiz oxuya bilirdim.

- Mən həmişə elə bilirdim ki, Siz Qarabağdansınız.

- Biz ailəliklə Bakıda yaşamışıq. Amma atam Ağdamdandı. Məşhur "Qaynana" komediyasını yazan Məcid Şamxalov doğma bibim oğludu. İndi haqq dünyasındadı. Atamın əmisi qızı vardı, o da tarzən Qurban Pirimovun həyat yoldaşıydı.

Babam razı deyildi ki, mən oxuyan olum. Atamın yaxşı səsi olsa da, nəslimizdən mənə qədər oxuyan çıxmamışdı. Evdən musiqi səsi gələn kimi babam qırğın salardı kı, bu nədi belə.

- Bəs, ata-ananız nə deyirdi?

- E...e..h! Biz bacı-qardaşlar ata-anadan doyduq ki, heç? Ailədə ilk uşaq mən idim. Özüm  31 may 1922-ci ildənəm. 1937-ci ildə atam rəhmətə gedəndə mən on beş yaşıma təzəcə keçmişdim, sonbeşiyimiz də yaşyarımlıq idi. 1941-ci ildə anam da qəflətən vəfat elədi. Altı uşaq - dörd bacı, iki qardaş qaldıq ata-anasız. Gecəni-gündüzə qatıb işləyirdim ki, bacı-qardaşlarım korluq çəkməsinlər, yetimxanaya düşməsinlər. Konsert verməyə hara dəvət  edirdilərsə, gedirdim.  Allah da köməyimə yetdi, hamısını böyüdüb yerbəyer elədim. Ancaq həyatdı da... Qardaşım Yusif   erkən getdi, dünyalar gözəli Sitarə bacımı vaxtsız itirdik. Ortancıl bacım Mehparə Hacıbaba Hüseynovun həyat yoldaşı idi. Övladları olmadı. İndi hər ikisi haqq dünyasındadı... Hacıbabanın bilirsən nə qədər qəzəlı qalıb? Elə iki yüzdən çoxunu jurnalist Rafael Hüseynov aparıb ki, kitab kimi çıxartdırsın. Allah qoysa, yəqin çap elətdirər.

- Sara xanım, musiqi sənətini seçdiyiniz üçün təəssüf etdiyiniz vaxt olub heç?

- Əsla! Niyə təəssüflənirəm ki? Mən Tibb İnstitutunun dördüncü kursundan çıxmışam- peşman da deyiləm. Xarici ölkələrdə illərlə musiqimizi tanıtmışam, səsimlə, sənətimlə xalqıma xidmət eləmişəm. Prezident təqaüdünə ilk layiq görülənlərdənəm. "Şöhrət" ordeni ilə təltif edilmişəm. İndiyəcən 40-dan çox ölkədə qastrolda olmuşam. Qvineya, Qana, Tunis, İndoneziya, Monqolustan, Çexoslovakiya, Almaniya, Bolqarıstan, Mərakeş, Liviya, Suriya, İran, İraq, Türkiyə...daha haralar... hamısını deyimmi? Təkcə İrana düz üç dəfə qastrola getmişəm. İran əhli - farslar da, azərilər də oxuduqlarımızı çox bəyənir, dönə-dönə alqışlayırdılar.

- Sizi kimlər müşayiət edib?

- Mən dövrümün ən məşhur sənətkarlarının müşayiəti ilə oxumuşam. Baba Salahov, Əhsən Dadaşov, Hacı Məmmədov, Məmmədağa Muradov, Ağasəlim, kamançaçalan Hafiz...Operada Əliağa Quliyev, Sərvər İbrahimov, ən çox da Bəhram Mansurovla işləmişik. Məni müşayiət edənlərin hamısı ifamı bəyəniblər. "Muğam" dəsgahlarını,  "Bayatı-şiraz"ı, "Şur" dəsgahını kamil oxumağımda Hacıbabaynan Bəhram Mansurovun çox  zəhməti olub. Hacıbaba özü mənim səsimi çox yüksək qiymətləndirərdi həmişə.

Səkkiz muğamatımız var, hamısını oxumuşam. Bəmini də, zilini də oxuyanda səsim məni darda qoymayıb. Fars qəzəllərini də oxuyuram, qədim türküləri də... Ancaq öz muğamlarımızın yerini heç nə verməz.

1944-cü ildə İranda qastroldaydıq. Bu mənim İrana ikinci səfərim idi. 60 nəfərlik kollektivdən 14 nəfər ən yaxşı ifaçını seçdilər. Onlardan biri də mən idim. Konsert vermək üçün bizi  apardılar şahın yanına. Şah musiqimizdən çox feyziyab oldu. Yəni, şahlar bəyənib ey, Azərbaycan musiqisini... Uzun illər "Şur", "Qatar", "Çahargah" repertuarımdan düşməyib. Çox sevdiyim  "Guş qıl..." qəzəlini  "Çahargah"ın muğam hissəsində oxumuşam.

- Qəzəl seçiminiz?

- Ən çox Füzulinin, Seyid Əzimin, Racinin, Sədi Şirazinin qəzəllərindən seçim etmişəm. Onların şeiriyyəti ürəyimə yatıb deyə, ürəknən də oxumuşam. Gözəl müşayiətçi idi Əhsən Dadaşov. Şirin-şirin çalardı tarı...

- Bəs operaya gəlişiniz nə vaxt olub?

- 14 yanvar 1941-ci ildən filarmoniyada solist kimi işə başlamışam. Arada on il - 1956-dan 1966-ya qədər operada çalışsam da, 1978-ci ilə kimi, yəni "Azkonsert"  təşkil edilənəcən əsas iş yerim filarmoniya olub. Düz on il operada can qoymuşam. Sənətə, musiqiyə  qədəm qoyan hər bir səs sahibinin  gərək öz yeri olsun.

- O dövrün üzdə olan sənətkarları kimlər idi?

- Şokət. (Sara xanım Şövkət Ələkbərovanı belə çağırırdı-müəllif). Özü 1920-ci ildən idi. Əvvəllər xorda oxuyardı, 1945-ci ildə filarmoniyaya gəldi. Sonra Əbülfət gəldi. O, Şokətdən beş yaş kiçik idi. Ağdamda böyüyən Əbülfət anadangəlmə  Məcnun idi. Gözəl yaradırdı o obrazı. Mən də onun tərəf-müqabili kimi Leylini oynayırdım. "Leyli və Məcnun"da Qulu Əsgərov da tərəf-müqabilim olub. Qulu Salyandan idi. Çox zarafatcıl, ürəyiaçıq adam idi. Tarı gözəl çalardı, özünün bəstələri də qalıb. Mən Yavər Kələntərli ilə yaxınlıq edirdim. Çox kübar, görüb-götürmüş bir qadın idi. Yavər deyərdi ki, Əbülfətin səsi qədər şirin səs var? Əbülfət oxuyanda gərək büllur qab tutasan ağzına, çünki onun səsindən bal tökülür...Cavan getdilər, Əbülfət də, Qulu da, Rübabə də. Yeri gəlmişkən, Rübabə (Muradova-müəllif) məndən üç il əvvəl - 1953-cü ildə gəlmişdi operaya. "Leyli və Məcnun"da Rübabə baş rolda olanda Məcnunu Əlövsət Sadıqov oynayırdı.

- Operada o vaxt qadınlardan əsas rollarda oynayan kimlər idi?

- Yavər Kələntərli, Gülxar Həsənova, Rübabə Muradova, Həqiqət Rzayeva,  mən. Operada oynadığımız rolların hamısı Qızıl fondda saxlanılır.

- Kimlərin yeri görünür bu gün?

- Elə hamısının! Mən Şokətnən də, Fatmaynan da çox yaxın olmuşam. Birlikdə qastrollarda olduğumuz vaxtların şəkilləri Üzeyir Hacıbəyovun ev-muzeyindədi.

- Sara xanım, sənətə gəlişiniz müharibə dövrünə düşüb.

- Getsin o günlər,  bir də qayıtmasın. O illərdə biz nə qədər çətinlik çəksək də, odun-alovun içinə gedib döyüşçülərin qarşısında çıxış etməyi, onları ruhlandırmağı özümüzə şərəf bilirdik. Müharibə vaxtı bilirsən haralarda oxumuşam!? Yerin altında, blindajlarda... 1942-ci il idi. Heydər Hüseynov, Mir Cəlal, Səməd Vurğun, Zeynal Xəlil, incəsənət xadimlərindən Zülfü Adıgözəlov, Bülbül, Leyla Bədirbəyli  Novorossiyskdə, Krasnodarda əsgərlərin qarşısında çıxış etdik. Leyla onda rəqs oynayırdı, sonralar aktrisa oldu. 1943-cü ildə isə getdik Mozdoka - 416-cı Taqanroq diviziyasının görüşünə. O illərdə məni  "Qafqazın müdafiəsi uğrunda" medalı ilə təltif etmişdilər.

- Ailəli, gənc bir qadına bütün bu qastrollar, səfərlər çətin deyildi ki, Sara xanım?

- Akifin (Akif İslamzadə-müəllif) atası ilə - Qədir müəllimlə 1944-cü ildə ailə qurduq. Akifin atası çox ziyalı, dünya görmüş, xeyirxah bir adam idi. Özümə də, sənətimə də çox yüksək qiymət verirdi. Dörd il övlad yolu gözlədik. Onda ana nənəm bizimlə qalırdı. Özü də çox dindar, etiqadlı bir ağbirçək idi nənəm. Bir gün aşura vaxtı məsciddən iki yumru qənd gətirdi mənə, dedi Sara, niyyət eliyirəm, sənin övladın olsun, gələn aşurada şərbət paylayaram pirdə... Gələn aşurada Akif mənim qucağımda idi. Nənəm dediyini elədi. İndi istəməsin, bilirsən  nə qədər çox istəyirdi Akifi? Övlad çox şirin şeydi, qızım, çox şirin... İki oğlum var - Akif, Vaqif. Akifin bir oğlu var - Ayxan. Vaqifin də bir oğlu - Nihaddı, iki  də əkiz qızları var - Fəridə, Fatimə. Mən indi 83 yaşın içindəyəm. Bəzən məndən  soruşurlar, Sara xanım, belə cavan qalmağınızın sirri nədədir? Deyirəm, paxıllıq nədir bilmirəm. Bu, birinci səbəb. Övladlarım da mənə yaxşı olub. Bu da, ikinci səbəb.

- Sara xanım, qürbətdən vətən necə görünür?

- Türkiyədə olanda Süleyman Dəmirəl mənə təklif elədi ki, həmişəlik qalım Türkiyədə. Dedi, qalsan hər şərait də yaradarıq. Dedim, çox sağ olun, minnətdaram. Amma Bakının havası mənə dəyməsə, mən bu dünyada qala bilmərəm.

- Bir vaxtlar təmsil elədiyiniz səhnənin bugünkü vəziyyəti Sizi qane edirmi?

- Mən indikilərə heç nə demərəm. Kim səhnədə lazımsız nə edirsə, day da bizim qədir-qiymətimizi artırır. Hanı  mənim dünənki tamaşaçım!? Mədəni, kübar, tələbkar,  milli... Biz, o vaxtın oxuyanları, bilsən, nələrə fikir verirdik, nələrlə hesablaşırdıq? Məsələn, mən trio ilə oxuyuram, Qurban əmi tar çalır, Tələt Bakıxanov da kamança. Və yaxud da Əhmədxan Bakıxanov məni tarda müşayiət edir. Onların yanında mən və ya Rübabə, Gülxar, yəni, o vaxtın bütün oxuyanları, qolu, yaxası-başı açıq necə dayanıb oxuya bilərdik? Mümkün olan iş deyildi bu...

Bir də qızım, yadıma düşmüşkən qoy deyim, ürəyimdə qalmasın, bu jurnalistlər məndə şəkil qoymayıblar qalsın. Alanda söz verirlər, amma qaytarmırlar. Allah eşqinə, o şəkillərin hərəsi bir tarixdi... qaytarsınlar onları özümə. Onların qiymətini bir mən özüm bilirəm - o tarixi zəhməti ilə, yola saldığı qızıl illəri ilə yazan Sara Qədimova!

Sənətimlə bağlı ondan çox şey əxz etmişəm 

- Mən uzun illər Sara xanımla birlikdə  çalışmışam. O, mənim xatirələrimdən mərd, vətənpərvər, qeyrətli bir Azərbaycan qadını kimi boylanır.  Gözəl, əvəzsiz muğam ifaçısı idi. Sözə, şeiriyyətə ehtiramla yanaşar, klassik əruz vəznində yazılan qəzəllərə daha çox müraciət edərdi. Muğam oxuyanda sözlərin aydın və düzgün tələffüzünə fikir verər, səsini bəmdən zilə, zildən  bəmə ustalıqla kökləyərdi. "Şur"  muğam  dəsgahını, "Qatar"ı, "Mahur-hindi"ni, "Şahnaz"ı, "Xaric" segahı özünəməxsus tərzdə, qüsursuz oxuyardı. Dəfələrlə eyni qrupun tərkibində qastrol səfərlərində olmuşuq. Onun kübarlığından, süfrə mədəniyyətindən, yol yoldaşlığından olmazdı...

Çox mədəni, mehriban, öz xalqı, öz milləti üçün, oğulları, nəvələri üçün  özünü fəda etməyə hazır bir Azərbaycan qadını idi.

Layiq görüldüyü bütün titullar, xalq artisti  adı, "Şöhrət" ordeni Sara xanıma zəhmətinin müqabilində ana südü kimi halal idi. O, Xan əmi ilə birlikdə İranda qastrol səfərində olanda  İran şahı, Misirdə, Ərəbistanda olanda isə o dövlətlərin kralları Sara xanıma məxsusi hədiyyələr bağışlamışdılar.

Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə Xan Şuşinski, Şövkət Ələkbərova və Sara Qədimovanın birlikdə oxuduqları "Qarabağ" şikəstəsini paytaxt tamaşaçıları "möcüzəli ifa" adlandırmışdılar.

Qardaş Türkiyənin o zamankı dövlət başçısı Süleyman Dəmirəl Azərbaycanda səfərdə olanda, dövlət tədbirlərinin birində Sara xanımın ifasında Abbas Səhhətin  "Vətənimdir, vətənimdir, vətənim" mətləli qəzəlini dinləmiş, Sara xanımın o yaşda məharətli ifasına heyran qalmışdı.

Ulu öndərimiz Heydər Əliyev Sara xanımın sənətinə böyük diqqətlə yanaşırdı. Belə ki, məhz onun göstərişi ilə Sara xanım Mətbuat prospektində yeni mənzillə təmin olundu, Prezident təqaüdünə, "Şöhrət" ordeninə layiq görüldü.

Sara xanımla - o kamil insanla bizim sənət bağlılığımız  axıra kimi davam etdi.

İldə bir dəfə o, ailəmin qonağı olardı. Nəvələrim onu çox sevər, ona "Sara nənə" deyərdilər.

İnanın mənə, gözüm tədbirlərdə hələ də Sara xanımı axtarır. Sıramızda həmkar kimi, dost kimi, sənətkar kimi bu gün də onun yeri görünür. Fəxr edirəm ki, elə kamil bir sənətkarla çiyin-çiyinə, eyni kollektivdə çalışmışam, sənətimlə bağlı ondan çox şey əxz etmişəm.

Yaradan ona qəni-qəni rəhmət eləsin. 

Hazırladı: Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov