Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Məsələ həlli şagirdlərin idrak fəallığını və məntiqi təfəkkürünü inkişaf etdirir

 

Ümumtəhsil məktəblərində tədris olunan hər bir fənnin özünəməxsus xüsusiyyətləri vardır və ayrı-ayrı fənlərin tədrisi prosesində bu xüsusiyyətlərin nəzərə alınması zəruridir. Orta məktəbdə həndəsə kursu məzmun xətti vasitəsilə müstəvi və fəza fiqurlarının xassələrinin öyrənilməsi, fəza təsəvvürlərinin formalaşdırılması, həndəsi fiqurların xassələrindən və həndəsi metodlardan istifadə etməklə məsələlərin təhlili və həllinin yerinə yetirilməsi ilə təmin olunur.  Həndəsə kursu öz məzmunu və xüsusiyyətinə görə elədir ki, onun təlimi məsələ həlli ilə tamamlanır, başqa sözlə, şagird həndəsədən öyrəndikləri nəzəri bilikləri bilavasitə sinif şəraitində praktikada tətbiq edir. Şagirdlər verilmiş qaydanı, düsturu məsələ həllinə tətbiq edərək müstəqil şəkildə yeni bilik əldə edirlər. Müəllim isə bu prosesdə onlara istiqamət verir. Şagirdlərin mühakiməsinə verilərək qazanılan bilik uzun müddət yadda qalır. 

Fəal təlim metodlarının əsas şərtlərindən biri şagirdləri məntiqi düşünməyə yönəltmək, axtarışlar aparmağa həvəsləndirmək, onların idrak fəallığını gücləndirməkdir. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu keyfiyyətlər həndəsə məsələlərinin həlli zamanı öz yerini tapır.

Birinci növbədə, şagirdlərdə həndəsədən məsələ həllinə maraq yaratmaq lazımdır. Bu məqsədlə mən hər hansı həndəsi anlayışlara, fiqurlara aid məsələ həll etdirərkən həmin fiqurların canlı müşahidəsi, tərifi, xassələri, mühüm əlamətləri haqqında şagirdlərə esse yazdırıram, yazılmış esselərin onlarla müzakirəsini aparıram. Çalışıram ki, sinifdə onlar üçün işgüzar şərait yaradım. Bu məqsədlə onları qruplara bölürəm. Şagirdlər qrup daxilində birgə işləyərək, məsələnin həlli ilə bağlı mühakimələr yürüdür, müzakirə apararaq birgə qərar qəbul edirlər. Anlayışların mənalarını, oxşar və fərqli cəhətlərini öyrənir, analiz-sintez, müqayisə etmək bacarıqlarını inkişaf etdirirlər.

Məsələ həlli şagirdlərdə düşünmə, qavrama, idrak fəallığı keyfiyyətləri aşılayır, onları fikirləşməyə, düşünməyə və müstəqilliyə alışdırır. Məhz bu keyfiyyətlər müasir dərsə verilən əsas tələblərdir.

Bacarıq və vərdişlərin formalaşdırılması əsasən şagirdlərin müəyyən həll üsulu ilə, metodla, qurma prosesi ilə tanış edilməsi, fəza təsəvvürlərinin inkişaf etdirilməsinə aid məsələlər həlli nümunəsinin verilməsi prosesində həyata keçirilir. Həndəsə məsələlərinin tipləri aşağıdakılardır:

1. Sual şəklində verilən məsələlər.

Belə məsələlər bir sıra hallarda problem-situasiya yaradır və şagird yeni biliyi sanki kəşf edir. Məsələn, "Düzbucaqlı üçbucağın hansı hündürlüyü ən kiçikdir?", "Bərabəryanlı üçbucağın tərəflərindən biri 25 sm, ikincisi 10 sm-dir, onların hansı oturacaqdır?" və s.

Aydındır ki, bu məsələləri həll etmək üçün şagird məsələyə daxil olan anlayışların təriflərini, xassələrini bilməli və çəkdiyi şəkildə onu təsvir etməyi bacarmalıdır. Bu cür məsələlər şagirdin yaradıcı təfəkkürünü və həm də nitqini inkişaf etdirir. Düşünmək tələb edən suallar vermək şagirdin fikrini məntiqlə əsaslandırmaq keyfiyyətini üzə çıxardır.

2. Həndəsədən hesablama məsələsi. Bunlar bəzi verilənlərə görə bu və ya digər həndəsi fiqura aid olan hər hansı həndəsi kəmiyyətin ədədi qiymətinin tapılması tələb olunan məsələlərdir. Belə məsələlər çox vaxt cəbri metodla həll edilir. Şagird həndəsi teoremlərə əsasən asılılıqları tənliklər şəklində ifadə edərək cəbrdən məlum olan tənlik qurur və onu həll edir. Bu həm də cəbr və həndəsə fənləri arasında inteqrasiya deməkdir. Hesablama məsələsi zamanı şagird həm də məsələnin şərtini riyazi simvollarla yazmağı öyrənir. Bu da onların bacarıq və vərdişlərinin formalaşmasına, yaddaşının möhkəmlənməsinə səbəb olur. Məsələn, "Sahəsi 120 sm2, diaqonalı 17 sm olan düzbucaqlının perimetrini tapın".

Bu məsələni həll edərkən şagird bilir ki, düzbucaqlının perimetri: P=2(a+b) düsturu ilə tapılır. Odur ki, verilən düzbucaqlının tərəfini a və b ilə işarə edərək

a x b=120

a2+b2=172 tənliklər sistemini həll edir.

3.Həndəsədən isbat məsələsi. Aydındır ki, isbat etmək elə fikri nəticələr sistemindən ibarətdir ki, bu prosesdə hər bir riyazi təklifin doğruluğu aksiomlar və məlum təkliflər vasitəsilə müəyyən edilir. Belə məsələlərin həlli zamanı şagird ona məlum olan biliklərdən istifadə etməklə tələb olunan təklifin doğru və ya yalan olduğunu əsaslandırmağa çalışır. Odur ki, belə məsələlər şagirdin məntiqi təfəkkürünü və fərz təsəvvürlərini inkişaf etdirir. Həm də şagird isbat məsələlərinin həllindən sonrakı məsələlərin həlli zamanı bir təklif kimi istifadə edir.

Məsələn. "İsbat edin ki, bərabəryanlı trapesiyanın diaqonalları bərabərdir", Bu məsələnin həllindən bundan sonrakı bərabəryanlı trapesiyaya aid məsələlər həllində bir təklif - teorem kimi istifadə etmək olar.

4.Həndəsədən qurma məsələsi - verilmiş bəzi elementlərinə görə bu və ya digər həndəsi fiqurun qurulmasını tələb edən məsələlərdir. Belə məsələlər şagirdlərin fəza təsəvvürlərini inkişaf etdirir və onlara yaradıcılıq fəallığı aşılayır, şagird müəyyən fərziyyələr irəli sürür, məsələnin həlli üsulunu axtarır, beynində qurmanı planlaşdırır, həndəsi fiqurlar haqqında biliklərini praktik tətbiq etmək bacarığını üzə çıxarır. Qurma mərhələlərini (analiz, qurma, isbat, araşdırma) yerinə yetirməklə analiz-sintez, müqayisə etmək bacarığı inkişaf edir. Məsələni analiz etmək bacarığı şagirdin məntiqi təfəkkürünün və idrak fəaliyyətinin inkişaf etməsinin ən mühüm şərtidir. Şagird qurulmuş fiqurun məsələdə tələb olunan fiqur olduğunu isbat etməklə mühakimələr əsasında nəticə çıxarır, bu da onun fəza təsəvvürlərinin və dünyagörüşünün genişlənməsinə çox böyük təsir göstərir.

Ümumiyyətlə, şagirdlərin idrak fəaliyyətinin, məntiqi təfəkkürünün inkişaf etdirilməsində həndəsə məsələləri mühüm rol oynayır, çünki məsələ həlli prosesində çoxlu təfəkkür əməliyyatları tətbiq olunur. Verilmiş problemin təhlil verilənlərlə axtarılanların müqayisəsi, fiqurların xassələrinin aşkar edilməsi, riyazi modelin hazırlanması, həllin yerinə yetirilməsi. Bütün bunlar şagirdlərdən yaradıcılıq fəallığı tələb edir. Bu fəallığı yaratmaq və şagirdlərdə həndəsə fənninə maraq oyatmaq isə müəllimin əsas vəzifəsidir.

"Öyrənməyi öyrətmək" biliklərin tətbiqi zamanı öz nəticəsini göstərir. Odur ki, həndəsə məsələlərinin həlli zamanı şagird öyrəndiklərini tətbiq edərək şüurlu bilik əldə etmək vərdişləri qazanır. 

Dilbər MƏMİŞOVA,
Bakıdakı 238 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi,
"Qızıl qələm" media mükafatı laureatı

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov