Bu günlərdə Daşkəsən rayonundakı Nəsimi adına 1 nömrəli
tam orta məktəbin dil-ədəbiyyat müəllimi, əməkdar
müəllim Rəna Aslanovanın redaksiyaya ünvanladığı
məlumatda bildirilir ki, ölkəmizin hər yerində olduğu
kimi bizim rayonda da təşkil olunan fənn kurikulumunun
tətbiqi üzrə təlim kursları V sinifdə dərs deyəcək
müəllimlərin hazırlanmasında mühüm əhəmiyyətə malik
oldu.
Azərbaycan dili və ədəbiyyat fənni üzrə Təhsil və
İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən təlim
kurslarında iştirak etmiş müəllimlər çox böyük razılıq
edirlər. Ona görə ki, avqustun 13-dən 25-dək davam edən
kurs biz müəllimlərin peşəkarlıq səviyyəsinin artmasında
həlledici rol oynadı.
Təlim kursunda 10 gün ərzində müəllimlər ənənəvi
təlimlə fəal təlimin müqayisəsini daha dərindən öyrənib,
nəticədə fəal təlimin üstünlüyünü bir daha yəqin
etdilər. Onu da öyrəndik ki, interaktiv təlim şagirdi
daha çox tədqiqatçılığa, axtarışlara, yaradıcı olmağa,
idraki bacarıqlarını üzə çıxarmağa sövq edir.
Kurs müddətində proqram üzrə nəzəri materialların
praktiki vərdişlərlə üzvi şəkildə əlaqələndirilərək
öyrədilməsi müəllimlərin bu sahədə bilik səviyyəsinin
artmasında çox böyük rol oynadı. Eyni zamanda hər
birinin qrup şəklində birgə əməkdaşlığı, maraqlı, canlı
dərs nümunələri hazırlaması, yeni pedaqoji yanaşmalardan
istifadə etməsi kursun ən yaddaqalan məqamları oldu.
Məlumatın sonunda diqqətə çatdırılır ki, bu təlim
kursunu başa çatdıran hər bir müəllim V sinifdə öz
dərsini daha maraqlı qurmaq üçün müxtəlif yollar
axtaracaq, yaradıcı olacaq, interaktiv təlim
metodlarından, İKT-dən bəhrələnərək öz iş üsulunu daim
təkmilləşdirəcəkdir. R.Aslanova eyni zamanda rayonun
bütün təhsil işçiləri, təlimin iştirakçıları adından
kursun təşkilatçılarına və icraçılarına, xüsusən də
təlimçilərə öz dərin minnətdarlığını bildirir. |