Sentyabrın 4-dən 6-dək Bakıda Azərbaycan Respublikası
Təhsil Nazirliyi və İSESKO-nun təşkilatçılığı ilə
"Savadlılıq sahəsində proqramların təşviqi, hazırlanması
və həyata keçirilməsi" mövzusunda regional seminar
keçirildi.
İSESKO-nun məsul işçisinin, Azərbaycandan, eləcə də
Banqladeş Xalq Respublikası və İran İslam
Respublikasından təhsil üzrə mütəxəssislərin,
ekspertlərin qatıldığı seminarın açılışı sentyabrın 4-də
Azərbaycan Dövlət İqtisad Universitetində oldu.
Tədbiri Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva
açaraq keçirilən seminarın olduqca aktual bir mövzuya
həsr olunduğunu söylədi. Qeyd olundu ki, ölkəmiz öz
müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə, o
cümlədən təhsil sistemində də köklü islahatların həyata
keçirilməsinə başlanılmışdır. Azərbaycan təhsil
sahəsində bir sıra mühüm regional və beynəlxalq
konvensiyalara qoşulmuşdur. YUNESKO, İSESKO, Avropa
Şurası, Avropa Təhsil Fondu, Dünya Bankı və digər
beynəlxalq təşkilatların dəstəyi ilə uğurlu islahatlar
təkcə ali təhsildə deyil, təhsilin digər pillələrində də
aparılır.
Qloballaşma prosesi, müasir texnologiyaların sürətli
inkişafı, miqrasiya proseslərinin gücləndirilməsi,
akademik və əmək mobilliyinin genişləndirilməsi hər bir
ölkənin hökuməti qarşısında insanların biliklərinə
əsaslanan rəqabətli və dinamik şəkildə inkişaf edən
iqtisadiyyatın qurulması vəzifələrini qoyur. Bu işlərin
həyata keçirilməsi üçün təhsilin inkişafının mühüm
əhəmiyyəti vardır.
Şöbə müdiri bildirdi ki, hazırda İSESKO-ya üzv olan bir
sıra ölkələrin, xüsusilə Mərkəzi Asiya regionu ölkələri
qarşısında duran əsas problemlərdən biri əhalinin
savadlılıq səviyyəsinin aşağı olmasıdır. Belə ki,
savadsızlıq problemi ölkələrin iqtisadiyyatına,
insanların yaşam səviyyəsinə və onların sosial durumuna
mənfi təsir göstərir. Həmin problem insanların
keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırır və
bu, öz növbəsində, əmək bazarında keyfiyyətli əmək
qüvvəsinin çatışmazlığına gətirib çıxarır,
iqtisadiyyatın rəqabətliliyini azaldır.
Tamilla Əliyeva Azərbaycanda savadsızlığın aradan
qaldırılması istiqamətində həyata keçirilmiş siyasətin
nəticəsi olaraq bu problemin ötən əsrin ortalarından
etibarən demək olar ki, öz həllini tapdığını və hazırda
ölkəmizdə savadlılıq dərəcəsinin 99,8 faiz təşkil
etdiyini söylədi. Onu da qeyd etdi ki, müasir dünyada
savadlılıq anlayışı yalnız yazmaq və oxumaq anlayışı ilə
məhdudlaşmır. Savadlılıq anlayışına yeni tərzdə daha
geniş rakursda baxılır. Buraya kompüter bilikləri, ətraf
mühitin qorunması, sağlam həyat haqqında biliklər,
alınan informasiyanı təhlil etmək və əldə etdiyi
məlumatı ötürmək bacarığı, riyazi biliklər və s.
daxildir. Bir sözlə, savadlılığın yeni kriteriyaları
meydana gəlir və bu kriteriyalar həm insanın gündəlik
həyatını, həm də onun professional fəaliyyətini əhatə
edir.
Çıxışında savadlılıq səviyyəsinin artırılması sahəsində
görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı
danışan Təhsil Nazirliyinin şöbə müdiri 3 gün
keçirilməsi nəzərdə tutulan seminarın Azərbaycan da
daxil olmaqla bir sıra ölkələrdə bu sahədə əldə olunan
təcrübənin öyrənilməsi, bununla bağlı geniş fikir
mübadiləsinin aparılması baxımından əhəmiyyətlı
olacağına ümidvar olduğunu deyərək sonda tədbirin
təşkilatçılarından biri olan İSESKO-ya təşəkkürünü
bildirdi.
İSESKO-nun Xarici əlaqələr və əməkdaşlıq şöbəsinin
müdiri Said Ould Bah çıxış üçün söz alaraq, ilk növbədə,
təmsil etdiyi təşkilatın rəhbərliyinin seminar
iştirakçılarına ən xoş arzularını çatdırdı. Keçirilən
tədbirin məqsəd və məramı ilə bağlı geniş təqdimat edən
Said Ould Bah savadlılıq sahəsində proqramların
hazırlanması və həyata keçirilməsinin vacibliyindən, bu
proqramlar hazırlanarkən hədəflərin düzgün müəyyən
edilməsindən, proqram çərçivəsində nə kimi tədbirlərin
və strategiyaların həyata keçirilməsindən, İSESKO-ya üzv
olan ölkələrin savadsızlığın aradan qaldırılması
istiqamətində təcrübəsinin öyrənilməsinin vacibliyindən
və digər məsələlərdən ətraflı söz açdı.
Seminarın işinə uğurlar arzulayan İSESKO-nun şöbə müdiri
tədbirin keçirilməsinə dəstək olan Azərbaycan
Respublikası Təhsil Nazirliyinə minnətdarlıq etdi.
Çıxış üçün söz alan Banqladeş Xalq Respublikası "Dəkkə
Ahsania" qeyri-hökumət təşkilatının prezidenti Kazi
Rafiqul Alam, Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin
direktoru Ənvər Abbasov, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsinin baş məsləhətçisi Sevil
Məmmədova, İran İslam Respublikası Təhsil və Təlim
Nazirliyi "Savadlılıq hərəkatı" təşkilatının
planlaşdırma üzrə meneceri M.Mokhtar regional seminarın
əhəmiyyətindən, savadlılıq səviyyəsinin artırılması
istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə
beynəlxalq təcrübənin öyrənilməsindən danışdılar, öz
fikir və mülahizələrini söylədilər.
Üç gün davam edən seminarda iştirakçı ölkələrin
ekspertləri tərəfindən ömürboyu təhsil çərçivəsində
savadlılıq, savadlılıq sahəsində proqramların
dəstəklənməsi, planlaşdırılması və həyata keçirilməsi
istiqamətində görülən işlər, bu sahədə əldə olunan
təcrübə ,savadlılıq sahəsində mütəxəssislərin işə
götürülməsi və onların ixtisasının artırılması,
ictimaiyyətin iştirakı və yerli mütəxəssislərin cəlb
edilməsi, savadlılığın artırılması sahəsində hökumətin
və digər qurumların rolu, savadlılıq proqramlarına
nəzarət, savadlılıq proqramları sahəsində monitorinq və
qiymətləndirmə, savadlılıq proqramlarının davamlılığı
mövzularında təqdimatlar edildi.Tədbirdə həmçinin
dünyada savadlılığın genişlənmiş konsepsiyası,
savadlılıq dərəcəsinin qiymətləndirilməsi, tədrisin
keyfiyyətinin yüksəldilməsinə pedaqoji yanaşmalar və s.
məsələlər ətrafında müzakirələr aparıldı.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən
seminarın sonuncu iş günündə yekun hesabat hazırlanaraq
qəbul olundu.
Samirə KƏRİMOVA |