Türkiyə
Respublikasının Anadolu və İqdır universitetlərinin
nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində oldu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
Naxçıvan şəhərindəki abidəsini ziyarət etməklə başlanan
səfər universitet kollektivi ilə keçirilən görüşlə davam
etdirildi. Görüş zamanı rektor, akademik İsa Həbibbəyli
qonaqları salamlayaraq Azərbaycan və Türkiyə arasındakı
çox qədim tarixi köklərə malik dostluğun və birliyin bu
gün də uğurla davam etdirilməsindən danışdı. Rektor 45
illik tarixə malik Naxçıvan Dövlət Universitetinin
inkişaf yolu, strukturu, professor-müəllim heyəti və
tələbə kontingenti haqqında məlumat verdi. Qeyd olundu
ki, dünyanın 70-ə yaxın ölkəsinin tanınmış ali
məktəbləri ilə beynəlxalq əlaqəyə malik NDU Türkiyənin
Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz,
Elazığ, Ərzincan universitetləri ilə dayanıqlı elmi
əməkdaşlığa malikdir. Rektor İqdır və Anadolu
universitetləri ilə də əməkdaşlığın inkişafının
əhəmiyyətindən bəhs etdi. Anadolu Universitetinin
distant təhsil, informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi sahəsindəki zəngin
təcrübəsindən faydalanmağın zəruri olduğu vurğulandı.
İqdır Universitetinin rektoru, professor İbrahim Hakkı
Yılmaz, Anadolu Universitetinin prorektoru, professor
Aydın Ziya Özgür ikitərəfli iş birliyinin ölkələr və
xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsi,
elm və təhsilin inkişafı, dünya təhsil sisteminə
inteqrasiya baxımından əhəmiyyətindən danışdılar.
Görüş zamanı virtual əlaqələrin inkişafı, videokonfrans
və simpoziumların, elmi təcrübə mübadilələrinin,
müştərək mədəniyyət, idman tədbirlərinin təşkili
məsələləri müzakirə olundu. Türkiyədən gələn heyət
universitet ərazisini gəzdi, Heydər Əliyev Universiteti,
Tələbə evi, Sosial Xidmət Mərkəzində və müxtəlif tədris
korpuslarında oldu.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |