Sentyabrın
5-də Qusar rayonunda təhsil naziri Misir Mərdanovun
iştirakı ilə rayon təhsil işçilərinin konfransı
keçirildi. Konfransda Qusar Rayon İcra Hakimiyyəti
başçısının müavini Elman Mustafayev, Milli Məclisin
deputatı Azər Badamov, ümumi təhsil, məktəbəqədər,
məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri,
müəllimlər, valideynlər və b. iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra konfrans öz işinə başladı.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti
başçısının müavini Elman Mustafayev konfrans
iştirakçılarını salamlayaraq qarşıdan gələn yeni tədris
ili münasibətilə təhsil işçilərini təbrik etdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyət
illərini təhsilin intibah dövrü kimi səciyyələndirən
E.Mustafayev son illər ölkə başçısı cənab İlham Əliyevin
diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun
dəstəyi ilə təhsil sahəsində aparılan köklü
islahatlardan söhbət açdı.
Qusar
Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev
"2011-2012-ci dərs ilinin yekunları və qarşıda duran
vəzifələr" mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi
ki, Qusar rayonunda 90 ümumtəhsil məktəbi, o cümlədən 49
tam orta, 21 ümumi orta, 21 ibtidai məktəb fəaliyyət
göstərir. Ötən tədris ilində 14289 şagird təhsilə cəlb
olunmuşdur. Dağ kəndlərində mövcud olan kadr
çatışmazlığı haqqında danışan N.Fərzəliyev bildirdi ki,
bu problem get-gedə öz həllini tapmaqdadır. Belə ki, son
illər rayonda yolların xeyli yaxşılaşması və məktəblərdə
maddi-texniki bazanın möhkəmlənməsi, dövlət tərəfindən
tətbiq edilən həvəsləndirmə tədbirləri ucqar dağ
kəndlərində işləmək həvəsində olanların sayını
artırmışdır. Bunun nəticəsində son illər Sudur,
Qənərçay, Zuxul, yuxarı Kalunxur kimi kənd məktəblərində
ixtisaslı kadrlara olan ehtiyac ödənilmişdir.
N.Fərzəliyev qeyd etdi ki, 2012-2013-cü tədris ilindən
respublikamızın dövlət ümumtəhsil məktəblərinin 5-ci
siniflərində təlimin Milli Kurikuluma əsasən
aparılacağını nəzərə alaraq cari ilin iyun ayının 27-dən
etibarən şəhər 4 nömrəli tam orta məktəbdə müəllimlər
üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları
təşkil olunub. Beş təşkilat tərəfindən həyata keçirilən
kurslara ayrı-ayrı fənlər üzrə 606 nəfər müəllim cəlb
edilib.
O bildirdi ki, "Ən yaxşı müəllim" müsabiqəsində şəhər 1
nömrəli tam orta məktəbin müəllimi Lətifə Zəkiyeva və
şəhər internat-məktəbin müəllimi Mülki Babaxanov qalib
olmuş və ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq
sərəncamı ilə hər birinə 5000 manat pul mükafatı
verilmişdir.
Qeyd edildi ki, təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı
çərçivəsində rayonun bütün tam orta və ümumi orta
məktəbləri kompüterlərlə təchiz edilmiş, 15 məktəbə
noutbuk-proyektor dəstləri verilmiş, 15 məktəb
Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuşdur. Yeni
texnologiyaların tətbiqi sahəsində şəhər 2 nömrəli tam
orta məktəb xüsusilə fərqlənmişdir.
Milli Məclisin deputatı Azər Badamov çıxış edərək son
illər təhsil sahəsində aparılan islahatlardan danışdı.
Belə tədbirlərin keçirilməsinin region üçün əhəmiyyətli
olduğunu bildirən A.Badamov təhsil işçilərini yeni
tədris ili münasibətilə təbrik etdi.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov təhsil
işçilərini qarşıdan gələn yeni dərs ili münasibətilə
təbrik edərək onlara uğurlar arzuladı. Təhsil naziri ulu
öndər Heydər Əliyevin müəllimlərə xüsusi hörmət və
ehtiramla yanaşdığını, hər zaman təhsilə önəm verdiyini
söylədi. Nazir ümummilli liderin layiqli davamçısı, ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan
elminin, təhsilinin inkişafına, eyni zamanda təhsil
işçilərinə göstərilən diqqət və qayğıdan, Heydər Əliyev
Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrdən
danışdı.
Təhsil naziri Misir Mərdanov bildirdi ki, son illər
respublikanın hər yerində olduğu kimi, Qusar rayonunda
da yeni məktəb binaları tikilib istifadəyə verilib.
Regionda təhsilin inkişafına göstərilən diqqəti yüksək
qiymətləndirən nazir uğurlarla yanaşı, problemlərin də
mövcud olduğunu nəzərə çatdırdı.
Kadrlarla bağlı məsələlərə toxunan təhsil naziri Misir
Mərdanov müəllimlərin yaş senzi ilə əlaqədar yaranan
problemlərə həssas yanaşmağı, gənc kadrlara şərait
yaradılmasını, yaşlı müəllimlərin fəaliyyətinin isə
bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə
etdi. Şagird-müəllim nisbətinə toxunan təhsil naziri bu
məsələnin ciddi xarakter daşıdığını və dünyanın inkişaf
etmiş ölkələrində olduğu kimi, respublikamızda da
rasionallaşdırmaya ehtiyac duyulduğunu nəzərə çatdırdı.
Yeni fənn kurikulumlarının tətbiqi üzrə öyrədici
təlimlərdən keçən müəllimlər haqqında məlumat verən
nazir bu sahədə işlərin mərhələli şəkildə həyata
keçirildiyini vurğuladı. Valideynlərin məktəblərə cəlb
olunmasının vacibliyindən danışan Misir Mərdanov
tapşırıq və tövsiyələrini verdi.
Digər çıxış edənlər konfrans haqqında fikirlərini
bildirdilər.
Tədbirdə 2011-2012-ci tədris ilində orta məktəbi
bitirmiş və yüksək balla ali məktəblərə daxil olmuş
qusarlı məzunlara hədiyyələr verildi.
Niyazi RƏHİMOV |