Bu yaxınlarda ADU-nun rektoru, Milli Məclisin deputatı,
professor Səməd Seyidov Çin Xalq Respublikasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab
Honq Fiuyin ilə görüşüb. Görüşdə ADU-da çinşünaslıq
ixtisasının açılması, Çin mədəniyyəti və dil mərkəzinin
yaradılması, həmçinin gələcəkdə müəllim-tələbə
mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Rektor Səməd Seyidov səfiri ADU-da görməkdən
məmnunluğunu dilə gətirib. O, rəhbərlik etdiyi ali
məktəbin Çinin Azərbaycandakı səfirliyi ilə əməkdaşlığa
xüsusi yer verdiyini bildirib. Səməd Seyidov qarşılıqlı
əlaqələrin mövcudluğundan söz açaraq qarşıdan gələn yeni
tədris ilinin əvvəlində bu görüşün universitet üçün
əhəmiyyətli olduğunu vurğulayıb. Rektor yeni tədris
ilində ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsində çinşünaslıq ixtisası üzrə tələbələrin qəbul
olunduğunu səfirin diqqətinə çatdırıb. Həmin ixtisas
üzrə ADU-da təhsil alacaq 10 tələbənin siyahısı səfirə
təqdim edilib. Çinşünaslıq ixtisası üzrə təhsil alacaq
tələbələrin Çin dili ilə yanaşı, ölkənin tarixi və
mədəniyyətini dərindən öyrənəcəkləri bildirilib.
Səfir Honq Fiuyin Çinin Azərbaycandakı səfirliyinin ADU
ilə əlaqələrini zəruri sayıb və bu təhsil ocağında Çin
mədəniyyəti və dil mərkəzinin açılmasının əlaqələrin
inkişafı üçün vacib layihə olduğunu qeyd edib. Sonra
müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlığını vacib
sayan səfir yeni tədris ilində regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq
ixtisasının açılmasından məmnun olduğunu bir daha önə
çəkib.
Görüşdən sonra səfir Honq Fiuyin Azərbaycan Dillər
Universitetinin İnformasiya Resurs Kompleksi ilə də
tanış olub.
Şakir CƏFƏROV |