M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının tələbələrinin "Azərikimya" İstehsalat
Birliyində (İB) növbəti istehsalat təcrübəsi
yekunlaşmışdır. Bu münasibətlə birliyin rəhbərliyinin
tələbələrlə görüşü olmuşdur.
İB-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşdə "Azərikimya" müəssisələrinin fəaliyyəti, müasir
texnologiyanın tətbiqi, neft-kimya sənayesinin
perspektivləri, o cümlədən yeni yaradılmaqda olan
Sumqayıt Kimya Sənaye Parkı, regionda ilk azot gübrəsi -
karbamid, yerli xammal əsasında fəaliyyət göstərəcək
polipropilen zavodları haqqında geniş məlumat
verilmişdir.
Dialoq şəklində keçən görüşdə kimya sənayesi üçün
prioritet olan daha bir məsələ - müasir tələblərə uyğun
yaradılan yeni istehsalat sahələrini bacarıqla idarə edə
biləcək kadrların hazırlanması ilə bağlı da söhbət
aparılmışdır. Bildirilmişdir ki, birliyin rəhbərliyi
respublikanın ali təhsil müəssisələrində
kimyaçı-mütəxəssislərin yüksək səviyyədə hazırlığına,
neft-kimya sənayesinə perspektivli gənclərin cəlb
edilməsinə xüsusi diqqət yetirir.
Görüşdə tələbələri maraqlandıran suallar
cavablandırılmışdır.
Tələbələr istehsalat təcrübəsinin səmərəli təşkilinə
görə birliyin rəhbərliyinə təşəkkür etmişlər. |