Xüsusi qayğıya ehtiyacı olan bir qrup azərbaycanlı uşaq
Heydər Əliyev Fondunun dəstəyi ilə sentyabrın 1-də
Gürcüstana səfərə gəlmişdir.
Uşaqlar üçün bu xeyriyyə aksiyası Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet
Rulofsun təşəbbüsü ilə artıq ikinci ildir ki, həyata
keçirilir.
Azərbaycanlı uşaqlar və onları müşayiət edən şəxslər 10
gün Gürcüstanda səfərdə olacaqlar. Qeyd edək ki, bu
səfərlər qarşılıqlıdır. Gürcüstandan da 16 nəfərlik
nümayəndə heyəti bu müddət ərzində Azərbaycanda qonaq
olacaqdır.
Azərbaycan nümayəndə heyətinin üzvü, Bakı şəhərinin
Nizami rayonundakı 1 nömrəli uşaq evinin müəllimi Rövşən
Məmmədov AzərTAc-ın müxbiri ilə söhbət zamanı
vurğulamışdır ki, Azərbaycanda uşaqlara, əsasən də
xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və
qayğı göstərilir. Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva bu işə böyük önəm verir və Gürcüstana səfərimiz
də məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
dəstəyi ilə təşkil olunmuşdur. Biz bu qayğı və diqqətə
görə Mehriban xanıma minnətdarlığımızı bildiririk.
R.Məmmədov bildirmişdir ki, səfər çərçivəsində müxtəlif
maraqlı görüşlər keçiriləcək, azərbaycanlı uşaqlar
Gürcüstanın tarixi yerləri, muzeyləri, ayrı-ayrı
şəhərləri ilə tanış olacaqlar. |