Azərbaycan
Prezidenti İlham Əliyev açılış mərasimlərində iştirak
edib
Sentyabrın 4-də Bakının Səbail rayonunun Badamdar
qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta
məktəbin və uşaq bağçasının binaları istifadəyə
verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
açılış mərasimlərində iştirak etmişdir.
Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı
şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı
istiqamətində görülən işlərlə tanışlıq məqsədilə
Badamdarda olarkən keçirdiyi görüş zamanı sakinlər
burada yeni məktəbə və uşaq bağçasına ehtiyac olduğunu
bildirmişdilər. Dövlətimizin başçısı elə həmin gün
Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının və
880 şagird yerlik ümumtəhsil məktəbinin binalarının
tikintisinə başlamaq haqqında sərəncam imzalamışdı.
Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış
vəsait hesabına yeni məktəb və uşaq bağçası binalarının
inşasına başlanılmışdı. Prezidentin tapşırıqlarına uyğun
olaraq 329 nömrəli tam orta məktəbin yeni binası qısa
vaxt ərzində yüksək standartlara uyğun tikilmişdir.
Prezident
İlham Əliyev əvvəlcə 329 nömrəli tam orta məktəbin yeni
binasının açılış mərasimində iştirak etdi.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Görülən işlərlə bağlı Prezidentə məlumat verildi.
Məktəbin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin
və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən
fotostend yaradılmışdır. Bildirildi ki, 3 əsas
mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 6
min 581 kvadratmetrdir. Məktəbdə 48 sinif, 4 kompüter, 3
laboratoriya otağı, tarix, riyaziyyat və hərbi hazırlıq
kabinetləri yaradılmışdır. Kompüter otaqları İnternet
şəbəkəsinə qoşulmuşdur. Binanın fasad və divarları üzlük
daşla üzlənmiş, burada böyük kitabxana, yeməkxana və
bufet, tibb otaqları, idman və kütləvi tədbirlərin
keçirilməsi üçün 120 nəfərlik akt zalı yaradılmışdır.
Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarına baxdı,
tədris şəraiti ilə tanış oldu. Məktəbin həyətində idman
meydançasının qurulduğu da qeyd olundu. Məktəbin 8 min
800 kvadratmetr həyətyanı sahəsinin 5 min kvadratmetr
hissəsinə
asfalt
örtük döşənmiş, abadlıq və yaşıllaşdırma işləri
görülmüşdür. Məktəbin həyətində 1500 kvadratmetrlik
istinad divarı tikilmiş və üzlənmişdir. Binanın ərazisi
abadlaşdırılmış, məktəb istiqamətində uzanan küçə təmir
olunaraq asfaltlaşdırılmışdır. Məktəb binasının
qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər
isə mərmərdən qurulmuş, tutacaqlar quraşdırılmışdır.
Təhsil müəssisəsi üçün yeni elektrik, qaz, su və
kanalizasiya xətləri çəkilmiş, istilik sistemi qurulmuş,
müasir qazanxana tikilmişdir. Həyətdə yeni elektrik
transformatoru quraşdırılmış, nasosxana yaradılmışdır.
Binanın bütün gün ərzində içməli su ilə tam təchizatı
üçün müvafiq işlər görülmüşdür. Məktəbdə müşahidə
kameraları, yanğından xəbərdarlıq qurğuları da
quraşdırılmışdır. Tədris ocağı yeni mebel, avadanlıq,
dərs ləvazimatları ilə tam təmin olunmuşdur.
***
Dövlətimizin başçısı məktəb binasında yaradılan şəraitlə
tanışlıqdan sonra qəsəbədə inşa olunan 120 yerlik yeni
uşaq bağçasının açılış mərasimində iştirak etdi.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti
kəsdi.
Uşaq bağçasında yaradılan şəraitlə bağlı Prezidentə
məlumat verildi. Binanın foyesində Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin və Prezident İlham
Əliyevin uşaqlara qayğısından bəhs edən stendlər
quraşdırılmışdır. İki mərtəbədən ibarət binada uşaqların
təlim-tərbiyəsi üçün bütün lazımi şəraitin yaradıldığı
qeyd olundu. Bildirildi ki, ümumi sahəsi 1620
kvadratmetr olan bağça binası qısa müddətdə tikilərək
üzlük daşla üzlənmişdir. Bağçada 6 qrup fəaliyyət
göstərəcəkdir. Uşaqlar üçün nəzərdə tutulan qrup və
yataq otaqlarından başqa böyük və işıqlı yeməkxana,
musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx,
yardımçı otaqlar da yaradılmışdır. Bağça binasında
müasir istilik sistemi qurularaq qazanxanaya
birləşdirilmişdir. Yeni kommunikasiya xətləri çəkilmiş
binanın su ilə daimi təminatı üçün həyətdə 3 çən
qurulmuş, nasosxana tikilmişdir. Binada yanğından
xəbərdarlıq sistemi qurulmuşdur.
Dövlətimizin başçısı bağçada yaradılan şəraitlə yaxından
tanış oldu. Binanın həyətində də abadlıq işləri
görülmüş, 1000 kvadratmetr sahəyə asfalt döşənmiş, idman
və əyləncə qurğuları quraşdırılmış, istirahət guşələri,
həmçinin yol hərəkəti təhlükəsizliyi qaydalarının
öyrədilməsi üçün meydança yaradılmışdır. Bağça binasının
qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər
isə mərmərdən düzəldilmişdir.
Uşaq bağçasında yaradılan şəraitlə tanış olan Prezident
İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
AzərTAc |