Gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadə ABŞ-ın
Massaçusets ştatının Boston şəhərində keçirilən
bəstəkarların ənənəvi 30-cu Beynəlxalq "ALEA III"
müsabiqəsinin finalına vəsiqə qazanıb.
200-dən çox müraciət daxil olmasına baxmayaraq, yalnız 6
ölkə -ABŞ, Azərbaycan, İngiltərə, Avstriya, Fransa və
Yunanıstan müsabiqənin finalında iştirak etmək hüququnu
əldə edib.
Dünyanın mötəbər musiqi yarışmalarından biri hesab
olunan "ALEA III" 1980-ci ildən keçirilir. Müsabiqənin
keçirilməsində əsas məqsəd bəstəkarların yeni və müasir
üslubda musiqi yaradıcılığına dəstək verməkdir.
Müsabiqənin final mərhələsinə vəsiqə qazanmış
bəstəkarların əsərlərini dünyaca məşhur dirijor Teodor
Antonionun rəhbərlik etdiyi ansambl səsləndirəcəkdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu
Türkər Qasımzadə beynəlxalq müsabiqənin bu ilin
oktyabrında təşkil ediləcək final konsertində "Qurama"
əsərini amerikalı musiqisevərlərə təqdim edəcəkdir.
Qeyd edək ki, azərbaycanlı gənc bəstəkar 2011-ci ildə
Manhetten Musiqi Akademiyasında magistr dərəcəsi alıb.
Hazırda Türkər Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın
musiqi sahəsində ən qabaqcıl və nüfuzlu ali təhsil
müəssisələrindən biri sayılan Ohayo ştatında yerləşən
Sinsinati Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq
təhsilini davam etdirir.
Gənc bəstəkarın əsərləri ABŞ, İsveçrə, İtaliya,
Avstraliya və Latviyada keçirilmiş müxtəlif
müsabiqələrin ən yüksək mükafatlarına layiq görülmüşdür.
Samirə KƏRİMOVA |