| 
						
						Ölkədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən 
						qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 
						uğurla davam etdirilir, müxtəlif sahələrdə, o cümlədən 
						təhsil sahəsində islahatlar mərhələ-mərhələ həyata 
						keçirilir. Son illərdə ölkəmizin iqtisadiyyatının 
						dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli 
						şərait yaratmış, Azərbaycan təhsili özünün yeni inkişaf 
						dövrünə qədəm qoymuşdur. Ölkəmizin gələcək inkişaf 
						modelini formalaşdıran əsas amil kimi təhsilin inkişafı 
						daha da sürətlənmiş, insan kapitalının formalaşmasına 
						xidmət edən ən mühüm sahə olmuşdur. 
						
						Prezident İlham Əliyevin gündəlik diqqəti və qayğısı 
						sayəsində təhsilin ayrı-ayrı sahələri üzrə 16 
						inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla 
						həyata keçirilməkdədir. Bu proqramların reallaşması 
						nəticəsində təhsilin infrastrukturu müasir tələblərə 
						uyğun qurulur, təhsilin məzmunu yeniləşir, yeni 
						dərsliklər yazılır, təhsil alanların biliyinin 
						qiymətləndirilməsində yeni model və mexanizmlər tətbiq, 
						təhsil müəssisələri informasiya-kommunikasiya 
						texnologiyaları ilə təmin edilir, təhsil sistemi 
						informasiyalaşdırılır, istedadlı uşaqların aşkara 
						çıxarılması və inkişafı üçün zəruri tədbirlər görülür. 
						
						Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət qayğısı ilə 
						əhatə olunur, texniki peşə və ali təhsil, xaricdə təhsil 
						və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə 
						olunur. Son 9 il ərzində 2200-dən çox yeni məktəb binası 
						tikilmiş, xeyli məktəb əsaslı təmir edilmiş və 
						məktəblərin maddi-texniki bazası möhkəmləndirilmişdir. 
						2008-2012-ci illəri əhatə edən "Təhsil sisteminin 
						informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə 
						tutulan təhsil sisteminin bütün pillələrinin şəbəkə 
						strukturunun inkişafı və sürətli İnternetlə təmin 
						olunması, məlumat və resurs mərkəzləri şəbəkəsinin 
						yaradılması, müəllimlərə İKT-dən istifadə bacarıqlarının 
						aşılanması, bütün fənlər üzrə elektron elmi-metodik 
						vəsaitlərin yaradılması istiqamətində xeyli iş 
						görülmüşdür. İndi məktəblərdə Azərbaycan tarixi, kimya, 
						fizika və biologiya dərsləri elektron dərsliklərlə 
						tədris olunur. 
						
						"Kurikulum islahatı üzrə icra planı"nda nəzərdə tutulan 
						tədbirlər ardıcıllıqla həyata keçirilmiş, fənn 
						kurikulumları hazırlanmışdır. Fənn kurikulumlarının 
						tətbiq edildiyi siniflər üçün yeni dərsliklər 
						hazırlanmış, müəllimlər üçün vəsait, şagirdlər üçün iş 
						dəftərləri çap edilmişdir. 
						
						Müasir fənn kurikulumlarının tətbiqinə başlandıqdan 
						sonra öyrətmə və öyrənmə prosesinə münasibət 
						dəyişmişdir. Şagirdlər fəallaşmışdır. Düşünməyə, axtarış 
						aparmağa, sərbəst mülahizə yürütməyə, əməkdaşlıq etməyə, 
						müstəqil şəkildə problemi həll etməyə daha çox sövq 
						olunurlar. Eyni zamanda  müəllimlərin hər bir dərsə 
						yaradıcı münasibəti artmış, məzmuna görə optimal forma, 
						üsul və metod axtarışı ön plana çıxmışdır. Fənn 
						proqramlarında məzmun elə müəyyənləşdirilib ki, sinifdə 
						səmərəli təhsil əməkdaşlığı, şagirdlər üçün maraqlı dərs 
						formalarından, üsullarından, interaktiv metod və 
						vasitələrdən yerli-yerində istifadə etmədən qarşıya 
						qoyulan məqsədləri reallaşdırmaq mümkün deyildir. 
						
						Yeni məzmun standartları gündəlik qiymətləndirmədən 
						məktəbdaxili qiymətləndirməyə keçməyi zəruri etmişdir. 
						Buraxılış imtahanlarının mərkəzləşmiş qaydada aparılması 
						təhsilin keyfiyyətinin yüksəlməsinə, şagirdlərin, 
						müəllimlərin, valideynlərin məsuliyyətinin artmasına 
						xidmət edir. 
						
						19 iyun 2009-cu ildə təsdiq edilən "Təhsil haqqında" 
						Azərbaycan Respublikasının qanunu təhsil işçiləri üçün 
						dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqın 
						milli ənənələrinə və demokratiya prinsiplərinə, insan 
						hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik 
						və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və 
						yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək 
						vəzifəsi müəyyənləşdirmişdir.  
						
						Rəhbərlik etdiyim məktəbin pedaqoji kollektivi həmin 
						vəzifələri uğurla yerinə yetirmək, ölkədə aparılan 
						təhsil islahatlarına öz töhfəsini vermək üçün hazırda 
						bütün imkanlarından istifadə edir. 
						
						Yeri gəlmişkən bildirim ki, məktəbimiz fəaliyyət 
						göstərdiyi illər ərzində, bir qayda olaraq, rayonda 
						qabaqcıl təhsil ocaqlarından olmuşdur. Məktəblərarası 
						metodmərkəz olmaqla qabaqcıl təcrübəni, təhsil sahəsində 
						olan yeniliklərin planlı öyrənilməsində müəllimlərə öz 
						köməyini göstərmişdir. 1993-1994-cü tədris ilindən 
						məktəbimiz öz fəaliyyətini Sumqayıt şəhərində davam 
						etdirir. Son illərdə ölkədə məktəblərin maddi-texniki 
						bazasının möhkəmləndirilməsi, məktəblərin tikintisi və 
						təmiri sahəsində aparılan işlər məktəbimizdən də yan 
						keçməmiş, 6 sinif otağından ibarət təhsil ocağımız tam 
						təmir olunmuşdur. 
						
						Məktəbdə 22 nəfər müəllim təlim və tərbiyə işi aparır. 
						Onlardan 18 nəfəri ali təhsillidir. Gənc müəllimlər 
						sayca çoxluq təşkil edir. Sabit şagird kontingenti var, 
						məktəbdən yayınma, dərs buraxma halları yoxdur. Müntəzəm 
						olaraq sinif rəhbərləri valideyn assosiasiyası ilə birgə 
						iş aparır, həlli vacib məsələləri həll edirlər. 
						 
						
						Yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı 4 ibtidai 
						sinif müəllimi və eləcə də V sinifdə dərs aparacaq 9 
						fənn müəllimi, təlim kurslarından keçmiş, sertifikatlar 
						almışlar. Müəllimlərimiz fəal dərs metodlarından 
						istifadə edir; müstəqil düşünmə və işləmə xarakterli 
						test tapşırıqlarını şagirdlərə öyrətməyə çalışırlar. 
						Təlimin maddi bazası  zənginləşib. Heydər Əliyev Fondu 
						hesabına fənlər üzrə əyani vasitələr, xəritələr, 
						məktəbli ensiklopediyaları çap olunaraq tədris 
						ocaqlarına, o cümlədən bizim məktəbə verilmişdir. 
						
						 Mərkəzləşmiş buraxılış imtahanlarının nəticələrinə görə 
						2010-2011-ci tədris ilində məktəbimiz rayon məktəbləri 
						arasında fərqləndiyinə görə təhsil söbəsi tərəfindən 
						təltif olunmuşuq. Həmin tədris ilində məktəbin XI 
						sinfini 9 nəfər bitirmiş,  onlardan 5 nəfəri dövlət ali 
						məktəblərinə, 2 nəfər özəl ali məktəbə qəbul olmuşlar. 
						Şagirdlərimiz rayon olimpiadasında fəallıq göstərərək 
						uğurlu nəticələr qazanmışlar. 
						
						Məktəbimizdə məktəbdənkənar və sinifdənxaric işlərin 
						vahid sistemi yaradılmış, bu sahədə ardıcıl  işlər 
						aparılır. Tərtib olunmuş tədbirlər planı  vaxtında 
						yerinə yetirilir. Tərbiyə və təlimin sıx vəhdətdə 
						aparılması müvəffəqiyyətimizi artırır. 
						
						Fənn dərnəklərinin imkanlarından maksimum istifadə 
						edirik. Şagirdlərin hərtərəfli inkişafına kömək edən, 
						mühazirə, məruzə, ekskursiya, fənn gecələrinin təşkili 
						və keçirilməsi, ilk mənbələr üzərində çalışmalar öz 
						müsbət təsirini göstərir. 
						
						Rayon və respublika müsabiqələrində məktəbimizin 
						uğurları daim artır. IX sinif şagirdi Ayşən Paşayeva 
						ötən illərdə qalib olmuş, 2011-ci ilin oktyabr ayında 
						"Müstəqilliyimiz milli qürurumuzdur" mövzusunda 
						keçirilmiş inşa yazı müsabiqəsində fərqləndiyinə görə 
						Laçın Rayon Təhsil Şöbəsinin I dərəcəli diplomu ilə 
						təltif olunmuşdur. Aprel ayında ulu öndərimiz Heydər 
						Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş 
						inşa müsabiqəsində onun inşası "Heydər Əliyev 
						şagirdlərin gözü ilə" kitabına daxil edilmişdir. 
						
						XI sinif şagirdi Səbinə Məhərrəmli "Şəhidlər ölməzdir" 
						mövzusunda məktəblilər arasında keçirilən inşa yazı 
						müsabiqəsində I yerə layiq görülmüş, diplom və qiymətli 
						hədiyyələrlə mükafatlandırılmışdır. M.Ə.Sabirin anadan 
						olmasının 150 illiyi ilə əlaqədar keçirilən respublika 
						inşa yazı müsabiqəsində tərifnamə ilə təltif olunmuşdur. 
						
						VIII sinif şagirdi  Minarə Abbaslı ulu öndərimiz Heydər 
						Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş 
						"Yolumuz Heydər yoludur! Bu yol Vətənə doğrudur!" bədii 
						qiraət ifaçılığı üzrə rayon müsabiqəsində II yeri 
						tutmuşdur. 
						
						X sinif şagirdi Ayşən Əlizadə həmin mövzuda rəsm 
						müsabiqəsində III yerə layiq görülmüşdür. IX sinif 
						şagirdi Aysu Əkbərova "Sultan bəy" portreti ilə rayon 
						müsabiqəsində I yerə layiq görülmüşdür. Onun çəkdiyi 
						portret hazırda rayon mədəniyyət və turizm şöbəsinin 
						qalereyasında saxlanılır. O, habelə Heydər Əliyevin 
						anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Yolumuz 
						Heydər yoludur! Bu yol Vətənə doğrudur!" adlı rəsm üzrə 
						rayon müsabiqəsində I yerə layiq görülmüş, diplom və 
						qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. 
						
						IX sinif şagirdi Sadiq Murtuzayevin xalq qəhrəmanı 
						Sultan bəyin anadan olmasının 140 illiyi ilə əlaqədar 
						rayon məktəbliləri arasında keçirilən inşa müsabiqəsində 
						"Zabux döyüşü ermənilərə tutarlı cavabdır" mövzusunda 
						yazdığı inşa yüksək qiymətləndirilmiş, rayon icra 
						hakimiyyətində təhsil şöbəsinin II dərəcəli diplomu ilə 
						təltif olunmuşdur. 
						
						İdman sahəsində də şagirdlərimizin uğurları az 
						olmamışdır. X sinif şagirdi Orxan Sadıxov respublika və 
						respublikadankənar bir sıra yarışlarda qüvvəsini 
						sınamış, sərbəst güləş üzrə Avropa çempionatında iştirak 
						etmək hüququ qazanmışdır. 
						
						Hazırda yeni dərs ilinin astanasındayıq. Yeni dərs 
						ilinə  hazırlıqla bağlı bütün zəruri işləri görmüşük. 
						Məktəbimizdə cari təmir işləri aparılıb,  vəsait və 
						dərsliklər, jurnallar gətirilib, I sinfin siyahılaşması 
						başa çatdırılıb. İnanırıq ki, yeni tədris ilində 
						uğurlarımız daha çox olacaq.  
						
						
						Tapdıq ABBASOV,Laçın rayonu, Rizvan Hümbətov adına
 Güləbird kənd tam orta məktəbinin direktoru
 |