Avqustun
29-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov Fələstinin
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir
Əbdül Kərəm A.Rəhim ilə görüşdü. Rektor Səməd Seyidov
qarşıdan gələn yeni tədris ilində ADU-ya qəbulun
50 faiz artdığını səfirin diqqətinə çatdırdı.
O, universitetdə Qərb ölkələrinin dilləri ilə yanaşı,
Şərq ölkələrinin dillərinin də tədris olunduğunu dedi.
Səməd Seyidov Çin, yapon dillərinin tədrisinin də
ADU-da uğurla aparıldığını qeyd etdi. Bildirildi ki, ali
təhsil ocağında 2011-2012-ci tədris ilində ərəbşünaslıq
ixtisası açılıb. ADU-da bu ixtisas üzrə artıq 10
tələbənin təhsil aldığı vurğulandı. Rektor səfiri
ərəbşünas tələbələrlə görüşmək məqsədilə yeni tədris
ilində bir daha ADU-ya dəvət etdi.
Səfir Nasir Əbdül Kərəm A.Rəhim, öz növbəsində, ADU-nun
regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində
ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə
tanışlıq və ünsiyyətin onun üçün də maraqlı olduğunu
söylədi.
Səfir yeni dərs ilində tələbələrə mühazirə oxumaqdan
məmnunluğunu dilə gətirdi.
ADU-nun Mətbuat xidməti |