Avqustun
24-də təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha
ilə görüşüb.
Qonağı səmimi salamlayan təhsil naziri Misir Mərdanov
son illər Azərbaycanla Cənubi Koreya arasında təhsil
sahəsində əməkdaşlığın inkişaf etdiyini nəzərə çatdırıb.
Azərbaycanda həyata keçirilən təhsil layihələrində
Cənubi Koreya ilə əməkdaşlığın əhəmiyyətinə toxunan
nazir nəzərdə tutulan bütün layihələrin uğurla
nəticələnəcəyinə inamını ifadə edib.
Ölkələrimizin yaxın tərəfdaş və dost olduğunu
bildirən Misir Mərdanov qeyd edib ki, hazırda 76
azərbaycanlı gənc Cənubi Koreya universitetlərində
təhsil alır. Nazir Azərbaycanda Cənubi Koreyaya böyük
hörmət və ehtiram bəsləndiyini söyləyərək qarşılıqlı
münasibətlərimizin inkişafında səfir Li Ci Hanın
səmərəli fəaliyyətinin mühüm rol oynadığını
vurğulayıb. Səfir Li Ci Ha səmimi qəbul üçün təhsil
naziri Misir Mərdanova minnətdarlığını bildirib.
Azərbaycanda səfir kimi çalışmasından məmnunluğunu ifadə
edən qonaq ölkələrimiz arasında müxtəlif sahələrdə
əlaqələrin inkişafından, qarşılıqlı əməkdaşlıqda təhsil
layihələrinin mühüm əhəmiyyətindən söhbət açıb. Daha
sonra Li Ci Ha Azərbaycanla Cənubi Koreya arasında
təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində
universitetlərarası əlaqələrin, tələbə mübadiləsinin və
digər layihələrin mühüm roluna diqqət çəkib.
Misir Mərdanov səfirə gələcək fəaliyyətində uğurlar
arzulayıb, onun hər zaman Azərbaycanın dostu kimi
tanınacağına əminliyini bildirib və ölkələrimiz
arasındakı münasibətlərin bundan sonra daha da
yaxşılaşacağına inamını ifadə edib. |