Rayon təhsil şöbəsinin metodisti A.Məmmədovadan
aldığımız məlumatda bildirilir ki, rayonun ümumtəhsil
məktəblərinin V siniflərində dərs deyəcək müəllimlərin
təlim kursları davam edir. Həmin kursların lazımi
səviyyədə təşkili üçün şəhər 1, 2, 3, 4, 5 və Qaxbaş
kənd 2 nömrəli tam orta məktəblərində texniki
avadanlıqlarla təchiz edilmiş təlim mərkəzləri
yaradılmışdır. Eyni zamanda təlimlərin yüksək səviyyədə
aparılması üçün mərkəzlərə təhsil şöbəsinin əməkdaşları
da cəlb edilmişdir.
Təlim kurslarını tarix fənnindən Təlim və İnkişaf
Mərkəzi, xarici dil fənnindən "XXI əsr" Beynəlxalq
Təhsil və İnnovasiya Mərkəzi, riyaziyyat və informatika
fənlərindən "Mədəd-Azərbaycan" təşkilatı, Azərbaycan
dili və ədəbiyyat, texnologiya, musiqi və təsviri
incəsənət fənlərindən isə Odlar Yurdu Universitetinin
əməkdaşları aparır.
Rayon üzrə bu il V siniflərdə dərs deyəcək 464 nəfər
müəllim kursdan keçməlidir. Hazırda 8 fənn üzrə 380
müəllim təlim kurslarından keçmişdir. Hər fənn üzrə 10
gün davam edən təlim kurslarının səmərəli keçməsində həm
təlim rəhbərləri, həm də fənn müəllimləri xüsusi fəallıq
göstəriblər. Həmin fənn müəllimləri təlim kurslarında
öyrəndikləri materiallar üzrə imtahan verərək müxtəlif
dərəcəli sertifikatlar alıblar.
Hazırda isə fiziki tərbiyə və həyat bilgisi fənləri üzrə
təlim kursları yüksək səviyyədə aparılır. Məşğələlər
sentyabrın 3-nə kimi davam edəcək. Sonra 84 nəfər
müəllim də imtahan verərək müxtəlif dərəcəli sertifikat
alacaqdır.
Ə.DAŞDƏMİRLİ |