Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay şəhərindəki
şahmat məktəbinin əsaslı şəkildə təmirinə başlanmışdır.
AzərTAc xəbər verir ki, məktəbin binasında söküntü
işləri artıq başa çatdırılmış və bu günlərdə inşaat
işlərinə başlanmışdır. Ümumi sahəsi 360 kvadratmetr olan
birmərtəbəli məktəb binası yenidənqurma işləri
nəticəsində ikimərtəbəli olacaqdır. Hazırda binanın
ikinci mərtəbəsinin tikinti işləri həyata keçirilir.
Müasir üslubda tikiləcək və lazımi avadanlıqla təmin
ediləcək Göyçay Şahmat Məktəbində ilk dəfə istilik
sistemi də quraşdırılacaqdır. Binanın birinci
mərtəbəsində dərs otaqları, ikinci mərtəbəsində isə
yarış zalı və yardımçı otaqlar olacaqdır. Əsaslı təmir
və yenidənqurma işlərinin cari ilin sonunadək başa
çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi
ilə Göyçay rayonunun Mirzəhüseynli və Şəhadət kənd
məktəblərində, şəhər 5 nömrəli orta məktəbdə təmir-bərpa
işləri görülür. Bundan başqa, hazırda dövlət vəsaiti
hesabına Ləkçıplaq və Çərəkə kəndlərində 360,
Ulaşlı-Şıxlı kəndində 220 yerlik məktəb binalarının
inşası davam etdirilir. |