Xeyriyyəçiliyi,
böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə
olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin
prioritet istiqamətləri hesab edən Heydər Əliyev Fondu
məktəblilərin yay tətili günlərində onların
istirahətinin səmərəli təşkili məqsədi ilə paytaxtdakı
uşaq müəssisələrinin sakinləri üçün mütəmadi olaraq
xeyriyyə tədbirləri keçirir.
AzərTAc xəbər verir ki, Fondun avqustun 25-də "Cresent
Beach" hotelində Bakı şəhərindəki 1, 2 və 3 nömrəli uşaq
evlərinin sakinləri üçün təşkil etdiyi növbəti humanitar
tədbir də məhz belə xeyirxah missiyanın davamı olmuşdur.
Tədbirdə 150-dən çox kimsəsiz uşaq üçün süfrə açılmış,
əyləncəli proqramlar təşkil olunmuşdur. Tədbirin
əvvəlində uşaqlar onların istirahətinə rəngarənglik
qatan şən klounlarla birgə açıq səma altında əylənmiş,
müxtəlif maraqlı oyunlar keçirmişlər.
Sonra şənlik süfrə arxasında davam etdirilmişdir.
Uşaqların sevincini bölüşmək, onların yanında olmaq kimi
ali missiyanı üzərinə götürmüş Heydər Əliyev Fondunun
təşkil etdiyi tədbirə şux mahnılar, rəngarəng rəqslər
xoş ovqat qatmışdır.
Burada gözəl istirahət etdiklərini, əylənib,
oynadıqlarını söyləyən uşaq evlərinin sakinləri - Nuridə
Məmmədli, Yasəmən Ağayeva, Elvin Əlirzayev və başqaları
bütün bunlara görə Heydər Əliyev Fonduna və Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını
çatdırmışlar.
Qumlu dəniz sahilində istədikləri kimi əylənən uşaqlar
şənlikdən xüsusi zövq aldıqlarını dönə-dönə
vurğulamışlar.
İsti yay aylarında təşkil edilmiş növbəti aksiya
sayəsində uşaqlar daha bir mənalı və yaddaqalan gün
yaşamışlar. Şənlikdə iştirak edən bütün uşaqlara Fondun
hədiyyələri təqdim edilmişdir.
Bu, Heydər Əliyev Fondunun reallaşdırdığı yeganə
humanitar aksiya deyildir.
Fond yarandığı gündən indiyədək çoxlu sayda humanitar
layihələrə imza atmışdır. Fondun fəaliyyət proqramına
təhsil, səhiyyə sahələri, uşaq evləri və internat
məktəblərinin maddi-texniki təchizatı, ictimaiyyətin bu
prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər
daxildir.
Fəaliyyətində "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə
də azdır" devizini əsas götürən Heydər Əliyev Fondunun
və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn
himayəsindən məhrum, kimsəsiz uşaqlara qayğı missiyasına
uyğun olaraq Bakı şəhərinin internat məktəbləri və uşaq
evləri üzrə hazırlanmış proqram bu istiqamətdə həyata
keçirilən ən mühüm tədbirlərdəndir.
Bu layihə çərçivəsində uşaq evləri və internat
məktəbləri haqqında məlumatlar toplanaraq Heydər Əliyev
Fondunda təhlil edilmiş və bunların əsasında "Uşaq
evlərinin və internat məktəblərinin inkişafı" beşillik
proqramı hazırlanmışdır.
Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyəti
kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları
məhdud, habelə Ermənistanın Azərbaycana hərbi təcavüzü
nəticəsində məcburi köçkün həyatı yaşayan uşaqlara qayğı
göstərmək baxımından bütün digər qurumlar üçün layiqli
örnəkdir. |