YARDIMLI.
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Yardımlıda
da son illər yeni təhsil müəssisələrinin tikintisi və
əsaslı təmiri istiqamətində görülən işlər sürətlə davam
etdirilir.
Son beş ildə rayonda dövlət vəsaiti hesabına 17 yeni
məktəb binası tikilərək istifadəyə verilmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na
uyğun olaraq rayonda 12 yeni məktəb binası inşa
edilmişdir.
2010-2011-ci dərs ilində tikilmiş 360 şagird yerlik
Arus, 240 şagird yerlik Honuba, 220 şagird yerlik
Horavar, 180 şagird yerlik Osnakəran kənd tam orta,
Ləzir və Zəngələ kənd ibtidai məktəblərinin binaları
müasir standartlara uyğun inşa olunaraq şagird və
müəllimlərin istifadəsinə verilmişdir.
Hazırda rayonun Kürəkçi kəndində 360, Ostayir, Alçabulaq
və Şəfəqli kəndlərində 220, Gügavar və Gendərə
kəndlərində 80 şagird yerlik məktəb binalarının
tikintisində son tamamlama işləri aparılır.
Bu təhsil ocaqlarının yeni tədris ilində istifadəyə
verilməsi nəzərdə tutulmuşdur.
***
GƏDƏBƏY.
Rayon təhsil şöbəsinin müdiri R.Məmmədovdan aldığımız
məlumatda bildirilir ki, hazırda Dövlət Proqramı xətti
ilə rayonda beş ümumtəhsil məktəb binası tikilir.
Onlardan 1 nömrəli Qoşabulaq, Novo-Saratovka və 2
nömrəli Slavyanka kənd tam orta məktəb binalarının
tikintisinin yeni dərs ilində başa çatdırılması nəzərdə
tutulub.
***
KƏLBƏCƏR.
Rayon təhsil şöbəsindən aldığımız məlumata görə,
Gəncənin Avtovağzal adlanan qəsəbəsində məskunlaşmış
300 kəlbəcərli ailəsinin övladları müxtəlif
uyğunlaşdırılmış binalarda dərs keçirdilər. Qaçqın və
məcburi köçkünlərə dövlət qayğısı nəticəsində həmin
ərazidə 8 otaqlı yeni məktəb binası tikilib.Yeni təhsil
ocağı inventarlarla və istilik sistemi ilə də təmin
olunub. Artıq yeni dərs ilində Kəlbəcər 22 nömrəli tam
orta məktəbi üçün tikilən bina uşaqların ixtiyarına
veriləcək.
***
UCAR.
Rayon təhsil şöbəsinin müdiri F.İsrəfilovdan aldığımız
məlumatda bildirilir ki, yeni dərs ilində yerli
büdcə vəsaiti hesabına inşa olunan şəhər 5 nömrəli tam
orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyinin
vəsaiti hesabına isə Qazyan kənd 3 nömrəli tam orta
məktəb üçün 220 şagird yerlik yeni binaların
istifadəyə verilməsi nəzərdə tutulub.
***
İMİŞLİ.
Rayon təhsil şöbəsinin müdiri R.Əmirovdan aldığımız
məlumatda bildirilir ki, dövlət vəsaiti hesabına 360
şagird yerlik Bəcirəvan, 220 şagird yerlik Çaxırlı, 220
şagird yerlik Qaragüvəndikli, 180 şagird yerlik
Ağaməmmədli tam orta məktəbləri və Xoşçobanlı kənd orta
məktəbi üçün doqquz sinif otağı tikilib yeni dərs
ilində istifadəyə veriləcək.
Eyni zamanda rayonuun Hacıbabalı kəndində tikintisi
davam edən ümumi orta məktəbdə də iş gedir.
Şakir CƏFƏROV |