Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 17.04.2006-cı il tarixli, 1414 nömrəli
sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik
uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı
üzrə Dövlət Proqramı"ndan irəli gələn konseptual
xarakterli göstərişlərini rəhbər tutaraq respublikanın
şəhər və rayonlarında istedadı ilə fərqlənən V, VI və
VII sinif şagirdlərinin xüsusi lisey siniflərinə
qəbulunun obyektiv və şəffaf keçirilməsini təmin etmək
məqsədilə
ƏMR EDİRƏM:
1. Bölgələr üzrə müəyyən olunmuş şəhər və rayonların
qeyd edilən təhsil müəssisələrinin bazasında xüsusi
istedadı ilə fərqlənən şagirdlərin xüsusi lisey
siniflərinə qəbulu ilə bağlı sənəd qəbulu 01.08.2012-ci
il tarixindən 31.08.2012-ci il tarixinədək, müsahibə və
qiymətləndirmə isə 07-08 sentyabr 2012-ci il
tarixlərində aşağıdakı məktəblərdə keçirilsin:
- Gəncə şəhəri 27 nömrəli fizika-riyaziyyat və
informatika təmayüllü lisey
- Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya
- Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta
məktəb
- Şirvan şəhəri S.Hüseynov adına 1 nömrəli tam orta
məktəb
- Lənkəran şəhəri S.Kazımbəyov adına şəhər 6 nömrəli tam
orta məktəb
- Şəki şəhəri 19 nömrəli tam orta məktəb
- Quba rayonu A.Məmmədov adına təbiət fənləri təmayüllü
2 nömrəli məktəb-lisey
- Ağdaş rayonu S.Vurğun adına şəhər 1 nömrəli tam orta
məktəb
2. İstedadlı şagirdlərin xüsusi lisey siniflərinə şagird
qəbulunu Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) həyata keçirsin.
3. Xüsusi lisey siniflərinə şagird qəbulu Azərbaycan
dili və riyaziyyat fənləri üzrə ümumi sayı 50 sual
olmaqla qiymətləndirmə vasitələri əsasında keçirilsin.
4. Gəncə şəhər Tİ, Sumqayıt, Mingəçevir, Şirvan şəhər və
Lənkəran, Şəki, Quba, Ağdaş rayon təhsil şöbələrinə
(Z.Hüseynov, V.Bağırov, N.Sultanov, P.Nəbiyev,
Ş.Əhmədova, S.İsmayılova, S.Aslanov, L.Paşayev)
tapşırılsın:
4.1. 07.09.2012-ci il tarixində müsahibə
komissiyalarının fəaliyyətini təşkil etsinlər;
4.2. müraciət etmiş V, VI və VII sinif şagirdlərinin
07.09.2012-ci il tarixində saat 10.00-dan başlamaqla
keçiriləcək müsahibədə iştirakını təşkil etsinlər;
4.3. müsahibədən keçmiş şagirdlərin 08.09.2012-ci il
tarixində saat 10.00-da qiymətləndirmədə iştirakını
təmin etsinlər.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) qiymətləndirmə
vasitələrinin çap olunması ilə bağlı smeta sənədlərinin
hazırlanmasını təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını həyata keçirsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
9 avqust 2012-ci il |