Avqustun
22-də Bakıda yeniyetmələr arasında keçirilən dünya
çempionatında sərbəst güləşçilərin yarışlarına yekun
vurulmuşdur.
AzərTAc xəbər verir ki, Heydər Əliyev adına
İdman-Konsert Kompleksində keçirilən yarışın ikinci günü
46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcəsində sərbəst
güləşçilər mübarizə aparmışlar.
Yarışda Zavur Uquyev (46 kq, Rusiya), Hacımurad Rəşidov
(54 kq, Rusiya), Zain Retherford (63 kq, ABŞ),
Əbdülrəşid Sədullayev (76 kq, Rusiya) və Georgi Qoqayev
(100 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə
qalxmışlar. Azərbaycan pəhləvanları Səid Həmidov (100
kq) gümüş, Məhəmmədhüseyn Həsənov (54 kq) və
Məhəmmədhacı Muxutov (76 kq) isə bürünc medal
qazanmışlar. Qeyd edək ki, Azərbaycanın sərbəst
güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş və 3
bürünc medala sahib olmuşlar. Avqustun 23-də
mübarizəyə qadın güləşçilər qoşulmuşlar. |