Ölkəmizin ümumi təhsil müəssisələrində olduğu kimi, peşə
liseyləri və peşə məktəblərində də hazırda yeni dərs
ilinə hərtərəfli hazırlıq işləri görülür, bu tədris
ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində mühüm addımlar atılır. 1 nömrəli Bakı
Peşə Liseyində aparılan əsaslı təmir və yenidənqurma
işləri bu baxımdan xüsusilə diqqəti cəlb edir. Liseyin
direktoru Azər Ağazadədən aldığımız məlumata görə, bu
tədris müəssisəsində aparılan təmir, yenidənqurma işləri
artıq başa çatmaq üzrədir.
1935-ci ildə məxsusi olaraq peşə məktəbi üçün tikilmiş
liseyin hazırki binasında sonralar bir neçə dəfə cari və
əsaslı təmir işləri aparılsa da, son illər yenidən buna
ehtiyac yaranmışdı. Həmin ehtiyac nəzərə alınaraq bu
il liseyin əsaslı təmiri plana salınmış və bir
neçə ay öncə bu işə başlanmışdır. Binanın indiki
əsaslı təmiri əvvəlkilərdən iş həcminin genişliyi ilə
fərqlənir. Belə ki, dövlət vəsaiti hesabına aparılan
əsaslı təmir işləri nəticəsində binanın dam örtüyü
təzələnmiş, iri sinif otaqlarının bölünməsi hesabına 5
yeni sinif otağı, habelə inzibati heyət üçün 4 əlavə
otaq yaradılmışdır.
Binanın divarları daşa qədər sökülərək yenidən suvanmış,
döşəmələrə taxta vurulmuş, sürahilər yenilənmişdir.
Binaya yeni elektrik xətləri çəkilmiş, yanğına qarşı
xəbərdarlıq siqnalları quraşdırılmışdır. Eyni zamanda
müəllimlər otağına və sinif otaqlarına kompüterlər üçün
yeni xətlər çəkilmişdir. Su xətləri də dəyişdirilmiş,
kanalizasiya sistemi yenidən qurulmuşdur. Dəhlizlər,
pəncərə önləri süni qranitlə örtülmüş, binanın fasadı
bütünlüklə rənglənmişdir.
Liseyin həyətində də geniş təmir və abadlıq işləri
görülür. Həyətdəki əlavə tikililərin pəncərələrinin,
həyətin əsas giriş qapısının dəyişdirilməsi, mövcud
köşklərin yenilənməsi, həyətə asfalt döşənməsi nəzərdə
tutulur.
Təmir başa çatdıqdan sonra tədris ocağı yeni
avadanlıqlarla təmin olunacaqdır. Beləliklə, lisey yeni
tədris ilində öz qapılarını müəllim və şagirdlərinin
üzünə tamamilə yenilənmiş şəkildə açacaqdır.
Yusif ƏLİYEV |