Bakıdakı 82 nömrəli tam orta məktəbin direktoru Vaqif
Mehdiyevdən aldığımız məlumata görə, təhsil ocağında
əsaslı təmir işləri uğurla davam etdirilir. Bakı
Şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən
təmir-bərpa işlərinə cari ilin iyunundan başlanılıb.
Məktəb binasının dam örtüyü dəyişdirilib, fasad və
divarlar üzlük daşla yenidən işlənib.
Yeni istilik sistemləri quraşdırılıb, elektrik xətləri
çəkilib, qapı və pəncərələr dəyişdirilib, sinif
otaqları, yeməkxana, kitabxana, laboratoriyalarda təmir
işləri müasir standartlara uyğun, yüksək keyfiyyətlə
görülüb və müasir təhsil üçün hər cür şərait yaradılıb.
Sevindirici haldır ki, təhsil ocağında şagirdlərin
sağlamlığı və mənalı istirahəti üçün idman zalı və
futbol meydançası yenidən bərpa olunub. Direktor
bildirdi ki, binanın girişində şagirdlərin
təhlükəsizliyini qorumaq üçün gözətçi məntəqəsinin
tikilməsi də nəzərdə tutulub.
Məktəb üçün 25 sinif otağından ibarət üçmərtəbəli
korpusun da inşasına başlanacağını deyən Vaqif
müəllim bütün görülən işləri Prezident İlham Əliyevin
təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi kimi
dəyərləndirdi. |