Avqustun
17-də Bakı Dövlət Universitetində (BDU) Koreya
Respublikasının Dövlət İdarəçiliyi və Təhlükəsizlik
Nazirliyinin nəzdində Milli İnformasiya İctimai
Agentliyinin dəstəyi ilə Azərbaycan-Koreya İnformasiya
Təminatı Mərkəzinin yenidənqurmadan sonra açılışı
olmuşdur.
AzərTAc xəbər verir ki, açılış mərasimində çıxış edən
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel
Məhərrəmov 2008-ci il dekabrın 17-də yaradılmış
Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin iki
ölkə arasındakı dostluq və əməkdaşlığın inkişafında
rolundan danışmışdır.
Mərkəzdə seminar otağı, informasiya-kommunikasiya
texnologiyaları üzrə treninq laboratoriyası və İnternet
zalının fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır.
Rektor bildirmişdir ki, treninq laboratoriyası 75 ədəd
kompüter və iki genişekranlı proyektor ilə təchiz
olunmuşdur. İnternet zalı isə tələbələrin və tədqiqatla
məşğul olan əməkdaşların İnternet vasitəsilə lazımi
məlumatları əldə etmələrinə kömək edir.
Azərbaycan-Koreya
İnformasiya Təminatı Mərkəzində mütəmadi beynəlxalq
konfrans və seminarların təşkil olunduğu, BMT tərəfindən
maliyyələşdirilən Beynəlxalq İqtisadiyyat
Universitetinin iqtisadiyyat üzrə birhəftəlik beynəlxalq
konfransının ildə bir dəfə bu mərkəzdə keçirildiyi
diqqətə çatdırılmışdır.
BDU ilə Cənubi Koreya universitetləri arasında elm və
təhsil sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini
vurğulayan A.Məhərrəmov tətbiqi riyaziyyat fakültəsinin
bir çox tələbələrinin Cənubi Koreyanın KAİST
Universitetində təhsillərini müvəffəqiyyətlə davam
etdirdiklərini, ümumilikdə 75 azərbaycanlı gəncin həmin
ölkədə təhsil aldığını, onların əksəriyyətinin İKT üzrə
hazırlıqlı kadrlar kimi Azərbaycana dönəcəklərini
bildirmişdir.
Koreya Respublikasının dövlət idarəçiliyi və
təhlükəsizlik nazirinin müavini Seo Pil Eon bu il
Koreya-Azərbaycan diplomatik əlaqələrinin 20 illiyinin
tamam olduğunu, ötən müddətdə iki ölkə arasında
əlaqələrin inkişaf etdirildiyini vurğulamışdır. BDU-da
mərkəzin açılmasının ölkələrimiz arasında əlaqələrin
möhkəmlənməsinə töhfə olacağını, onun Azərbaycanın İKT
sahəsində güclü bir dövlətə çevrilməsində əhəmiyyətli
rolunu qeyd edən Seo Pil Eon demişdir ki, Koreya
Respublikası gələcəkdə də Azərbaycana bu sahədə hər cür
köməyi göstərəcəkdir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini
Elmir Vəlizadə təmsil etdiyi qurumun iki ölkə arasında
əlaqələrin genişləndirilməsində, xüsusilə elm və təhsil
sahəsində atılan addımları dəstəklədiyini bildirmişdir.
Azərbaycanın ildən-ilə dinamik inkişaf etdiyini
vurğulayan E.Vəlizadə demişdir ki, məqsəd dünyanın
qabaqcıl ölkələri sırasında olmaqdır.
Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ci Ha 20
ildə iki ölkə arasında müxtəlif layihələrin həyata
keçirildiyini, gələn il Naxçıvan Dövlət Universitetində
də bu cür mərkəzin yaradılması ilə bağlı müzakirələrin
aparıldığını bildirmişdir.
Tədbir iştirakçıları mərkəzlə yaxından tanış olmuşlar. |