Avqustun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) İnsan Hüquqları İnstitutunda bioetika üzrə
mütəxəssislər və müəllimlər üçün treninq-seminar
başlamışdır.
Treninq-seminar YUNESKO-nun baş ofisi, qurumun
Azərbaycan üzrə Milli Komissiyası və AMEA-nın İnsan
Hüquqları İnstitutu tərəfindən təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, treninq-seminarın açılışında
çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun
direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə elmin,
təhsilin inkişafına böyük diqqət yetirdiyini
söyləmişdir.
A.Mustafayeva bildirmişdir ki, bioetika və insan
hüquqları sahəsi bir çox ölkələrdə olduğu kimi,
Azərbaycanda da inkişaf edir. Son vaxtlar bu sahə ilə
bağlı ölkəmizdə səmərəli tədbirlər reallaşdırılmışdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il qurumun
Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası Bakıda
keçirilmişdir.
Qeyd edilmişdir ki, bu sahə AMEA-nın İnsan Hüquqları
İnstitutunun fəaliyyətində də prioritetdir. İnstitutun
təşəbbüsü və təşkilatçılığı ilə bu yaxınlarda
YUNESKO-nun "Bioetika" baza tədris proqramı Azərbaycan
dilinə tərcümə edilərək nəşr olunmuş, ali məktəblərin
tədris planına salınmışdır. Tədbirdə bioetika üzrə
təhsilin əhəmiyyəti də qeyd edilmişdir.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktor müavini,
YUNESKO-nun bioetika üzrə kafedrasının Azərbaycan
bürosunun rəhbəri Vüqar Məmmədov treninq-seminarın
əhəmiyyəti haqqında danışmışdır.
YUNESKO-nun baş ofisinin nümayəndəsi İrakli Xodeli,
İsrailin Xayfa Universitetinin professorları Amnon Karmi
və Daniella Keydar bioetika və insan hüquqları üzrə
qurumun həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən bəhs
etmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan bioetikanın
regionda inkişafına öz töhfəsini verir və bu istiqamətdə
YUNESKO ilə səmərəli əməkdaşlıq edir. YUNESKO rəhbərliyi
Azərbaycanın bioetika sahəsindəki nailiyyətlərini hər
zaman yüksək qiymətləndirir. Qurumun ilk
treninq-seminarı da 2011-ci ilin noyabrında Bakıda
keçirilmişdir.
Natiqlər əminliklə qeyd etmişlər ki, treninq-seminar
bioetika sahəsində mütəxəssislərin hazırlığı işini daha
da yaxşılaşdıracaqdır.
Avqustun 24-də başa çatacaq treninq-seminar bioetikanın
tədrisi üzrə təcrübəli ekspertlər - İsrailin Xayfa
Universitetinin professorları Amnon Karmi, Daniella
Keydar və AMEA-nın İnsan Hüquqları İnstitutunun direktor
müavini Vüqar Məmmədov tərəfindən aparılacaqdır. |