Şamaxı
Şəhər Təhsil Şöbəsinin müdiri Səadət Veysovadan bu
günlərdə aldığımız məlumatda bildirilir ki,
respublikamızın bütün regionlarında olduğu kimi, Şamaxı
rayonunun ümumtəhsil məktəblərinin beşinci siniflərində
dərs deyəcək müəllimlər üçün də yeni fənn
kurikulumlarının tətbiqi ilə əlaqədar təlim kursları
keçirilir. Həmin kursların səmərəli təşkili üçün Şamaxı
şəhərində zəruri texniki avadanlıqlarla təchiz edilmiş
məktəblərdə iki təlim mərkəzi yaradılıb.
Şəhər 9 və 10 nömrəli tam orta məktəblərində 30 iyul - 9
avqust tarixlərində informatika, texnologiya, nəğmə və
musiqi, fiziki tərbiyə fənləri üzrə 8 qrupda təlim
kursları keçirilmiş və 186 nəfər müəllim kursları
müvəffəqiyyətlə bitirərək müxtəlif dərəcəli sertifikat
almışdır. Bu kurslar "XXI" əsr BTİM, Bakı Avropa liseyi
və "İdrak" məktəb-liseyin təlimçiləri tərəfindən
aparılmışdır.
Avqustun 12-23 tarixlərini əhatə edən mərhələdə təsviri
incəsənət, texnologiya (II qrup), Azərbaycan tarixi,
xarici dil, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin
təlim kursu da artıq başa çatmış və 310 nəfər müəllim
kurslardan keçmişdir.
Növbəti mərhələdə - 20-29 avqust və 31 avqust - 9
sentyabr tarixlərində riyaziyyat, 28 avqust - 6 sentyabr
tarixlərində isə həyat bilgisi fənləri üzrə müəllimlər
təlim kurslarında iştirak edəcəklər. Bu mərhələlərdə 146
müəllimin kurslardan keçməsi nəzərdə tutulub.
Kurslar "Mədət-Azərbaycan" təşkilatı tərəfindən
aparılacaqdır.
Ümumilikdə Şamaxı rayonunun 642 nəfərə qədər müəlliminin
yüksək təlim kurslarından keçərək birinci və ikinci
dərəcəli sertifikat alacağı nəzərdə tutulub.
Ədalət DAŞDƏMİRLİ |