ABŞ-ın Kaliforniya ştatının bir sıra orta məktəblərinin
yuxarı siniflərində "İctimai inkişafda Azərbaycan
modeli" mövzusunda dərslər keçirilmişdir.
AzərTAc-ın təşəbbüsü ilə həyata keçirilən bu layihədə
amerikalı məktəblilər tarix, iqtisadiyyat, dövlət
quruculuğu və vətəndaşlıq fənləri üzrə dərslər zamanı bu
mövzularda Azərbaycanın təcrübəsi ilə tanış olmuş,
respublikamızın müstəqilliyinin bərpasından sonra qısa
zamanda ölkəmizin beynəlxalq səhnədə "uğur modeli"nə
çevrilməsi barədə öyrənmişlər.
Dərsləri aparan AzərTAc-ın ABŞ üzrə xüsusi müxbiri Şəfəq
Mehrəliyeva tarixi "İpək yolu"nda Azərbaycanın
əhəmiyyətli keçid olması və bunun nəticəsində zəngin
mədəni və tolerantlıq irsi formalaşdırması, müsəlman
Şərqinin ilk demokratik dövləti olması, Sovet İttifaqı
iqtisadiyyatında Azərbaycanın rolu, SSRİ-nin süqutundan
sonra ölkəmizin həyata keçirdiyi siyasi, iqtisadi və
sosial islahatlar haqda danışmışdır. Dərslərdə,
xüsusilə, dövlət quruculuğu sahəsində ümummilli lider
Heydər Əliyevin müstəsna xidmətləri, onun uzaqgörən neft
strategiyasının Azərbaycanın bir dövlət kimi taleyində
oynadığı həlledici rol vurğulanmışdır. Kaliforniyalı
məktəblilər, həmçinin gənclərin respublikamızın
ictimai-siyasi həyatında fəal iştirakı, Azərbaycanda
gənclər strategiyasının əsas istiqamətləri barədə
məlumat almışlar. |