Ümumi təhsil sahəsində 2011-2012-ci dərs ili bir sıra
əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ilə
yaddaqalan olmuşdur. Belə ki, ibtidai təhsil
səviyyəsində yeni fənn proqramlarının (kurikulumlarının)
tətbiqi başa çatmış və əldə edilən nəticələrin təhlili
üzrə aparılacaq işlərin istiqamətləri
müəyyənləşdirilmişdir.
Dərs ili ərzində kurikulumların tətbiqi ilə bağlı
yerlərdə təhsil işçilərinə peşəkar səviyyəli metodik
köməkliyin təmin olunmasına xidmət edən təlimçilər
qruplarının formalaşdırılması işi davam etdirilmiş,
Ağcabədi, Ucar, Zərdab, Yevlax, Kürdəmir, Bərdə,
Biləsuvar rayonlarında 150 nəfərdən artıq təlimçi
hazırlanmışdır. Bununla yanaşı, Mingəçevir, Şirvan
şəhərlərində, Balakən, Lənkəran, Zərdab, Sabirabad,
Yevlax, Saatlı rayonlarında fənn kurikulumlarının
tətbiqi vəziyyəti öyrənilib müvafiq tədbirlər
müəyyənləşdirilmiş, Şəki şəhərində Zaqatala, Qax,
Balakən, Oğuz rayonlarının təhsil işçilərinin də təmsil
olunduğu ümumi təhsilin aktual problemlərinə həsr edilən
zona elmi-praktik konfransı keçirilmiş, Bakı və Gəncə
şəhərlərinin təhsil işçilərinin iştirakı ilə
internet-konfrans təşkil olunmuşdur.
2012-2013-cü dərs ili ərəfəsində ümumtəhsil
məktəblərinin V siniflərində yeni fənn proqramları
(kurikulumları) ilə tədrisə başlayacaq 35 min nəfərədək
fənn müəlliminin nəzəri və praktik hazırlığının
təkmilləşdirilməsi istiqamətində qeyri-hökumət
təşkilatları cəlb olunmaqla 60 saatlıq proqram əsasında
10 günlük öyrədici təlim kursları keçirilmiş, bu tədbirə
500-dən artıq xüsusi hazırlanmış təlimçi - mütəxəssis
cəlb edilmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr olunmuş məktəblilərin ümumrespublika
inşa müsabiqəsinin, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin, habelə Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələri M.Ə.Sabir və
M.İbrahimovun yubileyləri ilə əlaqədar respublika inşa
müsabiqələrinin keçirilməsi, 6 müəssisədə (akademik
Zərifə Əliyeva adına lisey, 6 nömrəli lisey, Bakı Avropa
Liseyi, fizika-riyaziyyat və informatika təmayüllü
lisey, "Elitar" gimnaziya, "XXI əsr" Beynəlxalq Təhsil
və İnnovasiya Mərkəzi) tam orta təhsilin təmayülləşmə
əsasında təşkili üzrə pilot layihənin reallaşdırılmasına
başlanması, istedadlı uşaq və gənclərlə, eləcə də
istedadlı gənc müəllimlərlə iş sahəsində əməli
tədbirlərin müəyyənləşdirilib davamlı icrasının təmin
edilməsi və s. 2011-2012-ci dərs ilinin mühüm
hadisələrindəndir.
Yeni dərs ili ərəfəsində ölkənin ümumtəhsil məktəbləri
üçün 186 adda 3.998.300 nüsxə dərslik və metodik vəsait
çap edilmiş, bütün növdən olan ümumi təhsil
müəssisələrinin tədris planları hazırlanıb təsdiq
olunmuşdur. 3270 vakant yerin böyük əksəriyyətinə
müəllim kadrları göndərilmişdir.
Bütün bunlarla yanaşı, həmçinin qeyd olunmalıdır ki,
ümumi təhsil sistemində öz müsbət həllini gözləyən
problemlər də az deyildir. Təhsil orqanları icra
intizamının möhkəmləndirilməsi və peşə məsuliyyətinin
artırılması, təhsil müəssisələrinin idarə olunmasının
təkmilləşdirilməsi, təlim-tərbiyə prosesinin müasir
pedaqoji innovasiyalar əsasında qurulması istiqamətində
təsirli tədbirlər həyata keçirməli, təhsilin
keyfiyyətinin yüksəldilməsinə nəzarəti
gücləndirməlidirlər.
Qeyd olunanlarla əlaqədar 2012-2013-cü dərs ilində
qarşıda duran vəzifələri müzakirə etmək və mövcud
problemlərin həllinə yönəlmiş təkliflər hazırlamaq
məqsədilə
ƏMR EDİRƏM:
1. 2012-ci il 3-13 sentyabr tarixlərində ümumi təhsil
sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər)
konfransları keçirilsin.
2. Konfranslar plenar və bölmə iclaslarından ibarət
olmaqla 2 gün ərzində keçirilsin.
3. Konfransların keçiriləcəyi günlərin qrafiki təsdiq
edilsin.
4. Konfransların plenar iclaslarında "2011-2012-ci
dərs ilinin yekunları və qarşıda duran vəzifələr"
mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi)
müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin.
Məruzədə aşağıda qeyd olunan fəaliyyət sahələri üzrə
görülən işlərin və perspektivdə nəzərdə tutulan
tədbirlərin konkret faktlarla əks etdirilməsi tövsiyə
olunsun:
4.1. Məktəblərin şəbəkəsinin optimallaşdırılması,
onların maddi-tədris bazasının möhkəmləndirilməsi,
pedaqoji kadrlarla təminat.
4.2. İcbari təhsilin yerinə yetirilməsi, şagirdlərin
ilboyu hərəkətinin izlənilməsi, şagird kontingentinin
sabit saxlanması, sağlamlıq imkanları məhdud məktəbyaşlı
uşaqların təhsilə cəlbi, təkrar sinifdə saxlanan
şagirdlərin məktəbə davamiyyəti.
4.3. Təhsilin keyfiyyətinin monitorinqi, fənlər üzrə
(ana dili, riyaziyyat, Azərbaycan tarixi, kimya, fizika,
biologiya, coğrafiya, xarici dil və s.) ayrı-ayrı
məktəblər və ümumrayon (şəhər) üzrə göstəricilər, "əla"
və "4-5" qiymətlərlə oxuyanlar.
4.4. İstedadlı uşaqlarla iş sahəsində həyata keçirilən
tədbirlər. İstedadlı şagirdlərin fənn olimpiadalarında,
müsabiqə və yarışlarda, ayrı-ayrı layihələrdə
iştirakının təmin edilməsi, onların göstərdiyi
nəticələr. İstedadlı şagirdlərin rəğbətləndirilməsi və
stimullaşdırılması sahəsində görülən işlər.
4.5. Buraxılış imtahanlarının, ali və orta-ixtisas
məktəblərinə qəbulun nəticələri, bu sahədə məktəblərin
göstəricilərinin təhlili və qiymətləndirilməsi.
4.6. Bu əmrin 4.2, 4.3, 4.4, 4.5-ci alt-bəndlərində qeyd
olunan göstəricilərə əsasən hazırlanmış məktəblərin
reytinq cədvəlinin təhlili.
4.7. Müəllimlərin və məktəb rəhbərlərinin fəaliyyətinin
yaxşılaşdırılması sahəsində aparılan işlər. Vəzifə
funksiyalarını tələb edilən səviyyədə yerinə yetirməyən
müəllim və məktəb rəhbərləri, onların zəif fəaliyyətini
əks etdirən göstəricilərin təhlili.
4.8. Rayon (şəhər) üçün aktual sayılan digər məsələlər.
5. Plenar iclasların 150-250 nəfərlik tərkibdə "dəyirmi
masa" formasında təşkili, həmin iclaslarda məktəb
direktorlarının, seçmə yolla direktor müavinləri və
qabaqcıl müəllimlərin, eləcə də "Ən yaxşı müəllim"
müsabiqəsi qaliblərinin, təhsildə xüsusi nailiyyətlərlə
fərqlənmiş və yüksək balla ali məktəblərə daxil olmuş
məzunların, habelə aidiyyəti təşkilatların
nümayəndələrinin iştirakı təmin edilsin.
6. Təhsil şöbəsi (idarəsi) müdirinin məruzəsinin
cədvəl, sxem və qrafiklər əsasında hazırlanıb ekranda
müvafiq slaydlarla müşayiət edilməsi tövsiyə olunsun.
7. Metodik bölmə iclasları aşağıdakı təhsil işçiləri
üçün təşkil edilsin:
- məktəb direktorları;
- ayrılıqda olmaqla məktəb direktorlarının müavinləri;
- ayrılıqda olmaqla fənlər üzrə metodbirləşmə
rəhbərləri;
- məktəb kitabxanaçıları;
- praktik məktəb psixoloqları;
- uşaq birliyi rəhbərləri.
8. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri plenar və bölmə iclaslarında irəli
sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək
Təhsil Problemləri İnstitutuna göndərsinlər.
9. Təhsil Problemləri İnstitutu (A.Mehrabov):
9.1. Bölmə iclaslarının səmərəli keçirilməsində yerli
təhsil orqanlarına köməklik məqsədilə metodik tövsiyələr
hazırlayıb avqustun 25-dək pedaqoji mətbuatda dərc
etdirsin.
9.2. Yerlərdən alınmış təkliflərin təhlilini aparsın və
ümumiləşdirilmiş material hazırlayıb nazirliyə təqdim
etsin.
10. Aparatın rəhbəri İ.Pirməmmədov konfranslarda
nazirliyin nümayəndələrinin iştirakı barədə təkliflərini
2 həftə müddətinə rəhbərliyə təqdim etsin.
11. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını
təmin etsin.
12. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 avqust 2012-ci il |