Naxçıvan
Dövlət Universitetinin 1999-cu ildə pediatriya ixtisası
ilə təməli qoyulan, 2007-ci ildə tibbi profilaktika və
2011-ci ildə müalicə işi ixtisasları ilə formalaşan tibb
fakültəsi ixtisasli elmi-pedaqoji heyətə, fundamental
tədris bazasına malikdir. Muxtar respublika
rəhbərliyinin səhiyyənin inkişafına, ali təhsilli,
yüksək ixtisaslı tibb mütəxəssislərinin hazırlanmasına
göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür ki,
fakültənin tələbələri təhsil müddətində praktiki
vərdişlərə yiyələnmək məqsədilə Naxçıvan Muxtar
Respublikasının müasir xəstəxanalarında və Türkiyə
Cümhuriyyətinin İzmit Kocaeli, Kayseri Erciyez, Ərzurum
Atatürk, Elazığ Fırat, Van Yüzüncü İl, Ankara
universitetlərinin tibb fakültələrinin klinik
xəstəxanalarında peşə təcrübələri keçirlər.
Tibb fakültəsinin 44 nəfər yuxarı kurs tələbəsi bu il də
Türkiyə Cümhuriyyətinin Ərzincan, Qars Qafqaz, Erciyez
universitetlərində təcrübədə oldular. Tələbələri
fakültənin dekanı, dosent Bəhruz Məmmədov, ümumi təbabət
kafedrasının müdiri, dosent Malikəjdər İbrahimov,
müəllimlərdən Azərbaycan Respublikasının əməkdar
müəllimi Kubra Cəfərova, Azərbaycan Respublikasının
əməkdar həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Cəbi
İsmayılov, tibb elməri üzrə fəlsəfə doktorları -
Naxçıvan MR-in əməkdar həkimi, dosent İsa Abdullayev və
Elmar Rzayev, təməl tibb fənləri kafedrasının dosenti
Elsevər Əsədov, həkimlərdən Malik Əliyev, Mətləb
İbrahimov, Əzizə Hüseynova müşayiət etmişlər.
Ərzincan
Universitetində heyəti prorektor, eyni zamanda tibb
fakültəsinin dekanı, professor Fəhmi Çələbi qarşılayaraq
iki universitet arasında imzalanan anlaşma memorandumuna
əsasən ikitərəfli iş birliyinin, qarşılıqlı əməkdaşlığın
daha da inkişaf edəcəyindən danışdı. Şərqi Anadoluda
yerləşən Ərzincan vilayəti və buradakı universitet
haqqında məlumat verildi. Bildirildi ki, 1976-cı ildə
Ərzincan Məslək Yüksəkokulu kimi fəaliyyətə başlayan,
2006-cı ildən müstəqil universitet olan bu ali məktəb
Anadoluda dünya universiteti kimi formalaşıb inkişaf
etməkdədir. Sonra xəstəxana ilə ümumi tanışlıq oldu.
Elmi-tədqiqat institutu rolu oynayan, bir il öncə
istifadəyə verilən 250 çarpayılıq xəstəxanada 21
poliklinika şöbəsi, 10 əməliyyat otağı, 1 anjoqrafiya
otağı, 20-dən çox hemodializ aparatının olduğu dializ
şöbəsi, təcili tibbi yardım şöbəsi, laboratoriya var.
Təcrübəçi tələbələr təcili tibbi yardım şöbəsində Arif
Onur Eden və Murad Aydının köməkliyi ilə yol qəzası
zamanı və istehsalatda ağır xəsarət alan, kardioloji
şoka düşən xəstələrə ilk tibbi yardım göstərdilər. Ümumi
cərrahiyyə şöbəsində peşəkar cərrahlar Kamal Peker və
Abdullah İnalın rəhbərliyi ilə cərrahiyyə
əməliyyatlarında oldular, tənəffüs yolları,
qastroenteroloji, uroloji, fəqərə və qasıq yırtıqları
kimi xəstəliklərin cərrahi müdaxilə yolu ilə
müalicəsində iştirak etdilər. Daxili xəstəliklər
şöbəsində Levent Dəmirdaş, Aysu Özbiçər daxili sekresiya
vəziləri xəstəlikləri və digər xəstəliklər haqqında
tələbələri əyani olaraq məlumatlandırdılar. Ginekologiya
şöbəsində Paşa Uluğ və Yaprak Asmanın köməkliyi ilə
tələbələr ginekoloji xəstəliklərin, sonsuzluq və
hamiləliyin pozulmasının səbəblərini araşdırdılar.
Qastroenterologiya şöbəsində Onur Çingiz və Funda Uğur
Kantarın köməkliyi ilə endoskopiya və kolonoskopiya yolu
ilə həzm sistemi xəstəliklərinin aşkarlanmasında iştirak
etdilər. Tələbələr ağciyər xəstəlikləri şöbəsində Ədhəm
Ənvərdən tənəffüs yolları xəstəliklərinin, ortopediya
şöbəsində Əhməd İssından oynaqlarda və bazu sümüklərində
sınıq və çıxıqlar, revmatizm kimi xəstəliklərin,
kardioloq Mutlu Böyüklüdən ürək-damar xəstəliklərinin,
urologiya şöbəsində Əli Səid Bozqurddan böyrək və sidik
yolları xəstəliklərinin diaqnoz və müalicəsi ilə bağlı
son elmi yenilikləri öyrəndilər.
Təcrübə müddətində xəstəxanada çalışan tanınmış
professorlar tələbələrə nəzəri məşğələlər də keçdilər.
Universitetin rektoru, professor, endokrinoloq İlyas
Çapoğlu "Şəkərli diabetin üzə çıxarılması, müşahidə və
müalicəsi", professor doktor, cərrah Fəhmi Çələbi
"Kəskin qarın ağrıları", ortoped Abdullah Bilgə
"Ortopedik xəstəliklərin müalicə üsulları", pulmonoloq
Ədhəm Ənvər "Tənəffüs yolları xəstəliklərinin düzgün
diaqnozu və müalicəsi", Arif Onur Eden "İlk təcili tibbi
yardım", ginekoloq Paşa Uluğ "Ginekoloji xəstəliklərin
aşkarlanması" mövzularında məruzələr oxudular.
Səfər zamanı Ərzincan şəhərindəki Ekşisu istirahət
parkına, Qara dəniz və dağlar arasında yerləşən
Trabzon şəhərinə, Qara dəniz sahilinə ekskursiyalar da
təşkil olundu. Trabzonda, şəhər mərkəzindən 8 km
aralıda, Soyuqsu təpəsində yerləşən, gülzarlıq və
bağ-bağatla əhatə olunmuş Atatürk köşk muzeyi xüsusi
maraq doğurdu. Avropa və Qərb intibah memarlığının gözəl
nümunələrindən olan 4 mərtəbəli bu bina 1890-1903-cü
illərdə inşa olunmuşdur. Köşkün ziyarətçilərini Mustafa
Kamal Atatürkün həyətdəki büstü qarşılayır.
Təcrübənin son günü keçirilən görüşdə xəstəxananın baş
həkimi, tanınmış cərrah İsmayıl Yılmaz naxçıvanlı
müəllim və tələbələrə gələcək fəaliyyətlərində uğurlar
arzuladı. Naxçıvan Dövlət Universitetinin müəllimi, tibb
elmləri üzrə fəlsəfə doktoru Elmar Rzayev səmimi
qarşılanma və yaradılan şərait üçün universitet və
xəstəxana rəhbərliyinə, kollektivə minnətdarığını
bildirdi. Sonda sertifikatlar təqdim olundu.
Tibb fakültəsinin tələbələrinin bir qismi isə Türkiyənin
Qars Qafqaz Universitetinin əsaslı şəkildə yenidən
qurulmuş xəstəxanasında oldular. Tibb fakültəsinin
dekanı, professor Bünyamin Ünal, xəstəxananın baş
həkimi, dosent, cərrah Miktat Kaya fakültə və xəstəxana
haqqında ətraflı məlumat verdi. Tələbələr xəstəxananın
təcili tibbi yardım, cərrahiyyə, nevrologiya, urologiya,
psixiatriya, ginekologiya, daxili xəstəliklər
şöbələrində ultrasəs müayinəsi, rentgen-tomoqrafiya və
digər müasir üsullarla xəstələrin müayinəsi, düzgün
diaqnoz qoyulması və müalicəsi ilə məşğul oldular.
Tələbələrə mulyajlar üzərində praktiki dərslər də
keçildi. Təcrübə müddətində cərrah, dosent Yusif
Günerhan, Gülşən Çığşar və digər tanınmış həkimlər
tibbin aktual problemlərinə həsr olunmuş mühazirələr
oxudular.
Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri
Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının
böyük öndərlərindən olan Heydər Əliyevin Qars
şəhərindəki abidəsini ziyarət etdilər. Heyət Qars Qafqaz
Universitetində Naxçıvan Dövlət Universitetinin rektoru,
akademik İsa Həbibbəylinin də böyük əməyi və dəstəyi
sayəsində yaradılmış Heydər Əliyev Tədris Mərkəzində
oldu, burada dünyaşöhrətli siyasi xadimin həyat və
fəaliyyəti ilə bağlı materiallarla tanışlıq oldu.
Türkiyənin mədəni dəyərlərini özündə yaşadan
bölgələrindən biri olan Qarsdakı tarix-diyarşünaslıq
muzeyinə, Qars Qalası və Ani qalasına ekskursiyalar da
təşkil olunmuşdur.
Təcrübənin sonunda keçirilən görüşdə hər iki
universitetin tibb fakültələrinin dekanları, professor
Bünyamin Ünal və dosent Bəhruz Məmmədov belə qarşılıqlı
əməkdaşlığın, təcrübə mübadilələrinin tələbələr üçün
əhəmiyyətindən danışdılar, müəllim və tələbələrə
sertifikatlar təqdim olundu.
Kayseri şəhərindəki Erciyez Universitetinin rektoru,
professor-doktor Fəxrəddin Keleştemur, tibb fakültəsinin
dekanı, professor-doktor Məhəmməd Güvən, xəstəxananın
baş həkimi, professor-doktor Qudrət Doğru da Naxçıvandan
gələn heyəti yüksək qonaqpərvərliklə, hərarətlə
qarşıladılar.
Qeyd olundu ki, Erciyez Universiteti 1978-ci ildə
Kayseri Universiteti adı ilə fəaliyyətə başlamış,
1982-ci ildən Erciyez dağının adı ilə adlandırılmışdır.
Türkiyənin 10 ən tanınmış universitetindən biri olan bu
ali məktəbin təməlini təşkil edən fakültələrdən biri də
hələ 1969-cu ildə Hacəttəpə Universiteti nəzdində
açılan, 1982-ci ildən Erciyez Universitetinə
birləşdirilən tibb fakültəsidir.
Fakültə dekanı, professor-doktor Məhəmməd Güvən və baş
həkim, professor-doktor Qudrət Doğrunun təşkilatçılığı
və qayğısı ilə uşaq xəstəxanasında, cərrahiyyə, daxili
xəstəliklər, endokrinologiya, ağciyər xəstəlikləri,
hemotologiya, onkologiya, təcili tibbi yardım, doğum
şöbələrində müxtəlif xəstəliklərin müayinəsində fəal
iştirak edən gələcək həkimlərimiz müasir müalicə
üsullarını, ən yeni tibbi texnologiyadan istifadəni
öyrəndilər.
Təcrübənin sonunda rektor, professor-doktor Fəxrəddin
Keleştemurun, fakültə dekanı və xəstəxananın baş
həkiminin iştirakı ilə keçirilən tədbirdə təməl tibb
fənləri kafedrasının dosenti Elsevər Əsədov çıxış edərək
yüksək qonaqpərvərlik və səmimi münasibət üçün
minnətdarlıq etdi. Müəllim və tələbələrimizə
sertifikatlar təqdim olundu.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |