Böyüməkdə
olan gənc nəslin yay istirahətinin mənalı təşkili,
onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi
istiqamətində Səbail Rayon İcra Hakimiyyəti, Quba Rayon
İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və
"Çağ" Öyrətim İşlətmələri Şirkətinin birgə layihəsi
əsasında Qubada təşkil olunan "Şahinlər"
hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin
istirahəti başa çatmışdır.
Səbail rayonunun Qarabağ müharibəsi veteranları və
əlillərinin övladları, rayonun aztəminatlı və imkansız
ailələrinin uşaqları, həmçinin "SOS-Azərbaycan" uşaq
kəndində tərbiyə alan ümumilikdə 250 uşaq üçün Quba
şəhərinin ən füsunkar yerində yerləşən Bakı Özəl Türk
Liseyinin Quba filialının ərazisində təşkil olunmuş
hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət
düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan
istirahət uşaqların xatirində silinməz izlər
buraxmışdır.
Təşkilatçılar tərəfindən xoş istirahət üçün hər cür
şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi
xidmətə layiqincə hazırlamaq məqsədi ilə hərbi-səhra
çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş,
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə,
ölkə başçısı cənab İlham Əliyevə, ölkədəki ordu
quruculuğuna, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili
Qoşunların fəaliyyətinə, artıq 7-ci dəfədir ki, təşkil
olunan "Şahinlər" düşərgəsinin tarixinə həsr olunan
stendlər asılmışdır. Düşərgədə məşğələlərin hərbi
nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların
istirahətini daha da maraqlı və unudulmaz etmişdir.
Yay istirahəti dövründə uşaqların Qubanın görməli
yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə
gəzintiləri təşkil olunmuş, məktəblilərin təlimləri
Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində
keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin
xidməti, yaşayış şəraiti, silah və texnikası ilə
yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün
məşqlərinə qatılmışlar.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın
tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda
məşğələlər, maraqlı görüşlər keçirilmiş, filmlər nümayiş
etdirilmişdir. Qarabağ savaşında təcrübəli kəşfiyyatçı
kimi iştirak edərək bir sıra qəhrəmanlıqlar göstərmiş
İbad Hüseynov və hərbi jurnalist Şəmistan Əlizamanlı ilə
keçirilən görüş xüsusilə yaddaqalan olmuşdur.
Düşərgənin bağlanışı ilə əlaqədar keçirilən tədbirdə
iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov, Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, DİN
Daxili Qoşunların Qərargah rəisinin birinci müavini,
general-mayor Şahin Məmmədov, "Çağ" Öyrətim İşlətmələri
Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən uşaqların
istirahəti üçün burada yaradılmış şəraitlə yaxından
tanış olmuş, idman yarışlarında qalib gələn bir qrup
şagirdə xatirə medalları və uşaqlarla aparılan tərbiyəvi
işlərdə fərqlənən dəstə rəhbərlərinə və hərbiçilərə
qiymətli hədiyyələr təqdim etmişlər.
Daha sonra yeniyetmələr qonaqlar qarşısında hərbi keçid,
müxtəlif hərbi təlimlər və istirahət dövründə
öyrəndiklərini nümayiş etdiriblər. Daxili Qoşunların
xüsusi təyinatlı dəstəsinin çıxışı maraqla qarşılanıb.
Bundan başqa, respublikamızın tanınmış incəsənət
xadimləri və Daxili Qoşunların hərbi orkestrinin
iştirakı ilə keçirilən bayram konsertində düşərgədə
istirahət edən uşaqlar da öz məharətlərini göstəriblər.
Zəngin təəssüratlarla Bakıya qayıdan yeniyetmələr,
onların valideynləri bu istirahətin təşkilatçılarına öz
minnətdarlıqlarını bildiriblər.
Samirə KƏRİMOVA |