Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Açıq qapı"
günü keçirilmişdir. AzərTAc xəbər verir ki, məqsəd bu
ali təhsil müəssisəsində təhsil almaq arzusunda olan
tələbələrə akademiyanın bakalavr və magistr proqramları
haqqında ətraflı məlumat vermək, burada çalışan pedaqoji
heyətlə tanış etməkdir.
Tədbirdə bildirilmişdir ki, akademiyada Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının qəbul imtahanlarında yüksək
bal toplayan gənclərə üstünlük verilir. Bu il ADA-nın
bakalavr pilləsinə 160 yer ayrılmışdır. Akademiyada
azərbaycanlı və xarici tələbələrin birgə təhsil
aldıqları beynəlxalq münasibətlər, biznesin idarə
edilməsi, mühasibat uçotu, maliyyə, marketinq və
beynəlxalq biznes ixtisasları üzrə bakalavr
proqramlarında müxtəlif sahələri əhatə edən fənlər
tədris edilir, təhsil haqqı ödəyən tələbələrə bir sıra
güzəştlər tətbiq olunur. Həmçinin bakalavrlar İsveçrə və
İngiltərə universitetlərində bir semestr müddətində
tələbə-mübadilə proqramlarında iştirak edirlər. Dərslər
tanınmış xarici professorlar və xarici doktorantura
təhsilli gənc azərbaycanlı müəllimlər tərəfindən
aparılır. Qeyd olunmuşdur ki, bu ali təhsil ocağı
tələbələrin işlə təmin olunmasında da onlara dəstək
olur. ADA-nın vitse-rektoru Randall Beker "Açıq qapı"
günü tədbirlərinin keçirilməsinin tələbələr üçün
əhəmiyyətli olduğunu söyləmişdir. R.Beker qeyd etmişdir
ki, burada təhsil Qərb və Azərbaycan modelinin
sintezidir. Bu bizim ən böyük üstünlüyümüzdür. Bu imkan
verir ki, akademiyada oxuyan tələbələr dünya miqyasında
rəqabət aparsınlar. Mən bunu təqdirəlayiq addım hesab
edirəm.
Tədbirdə ADA-nın yeni kampusu haqqında hazırlanan
videoçarx da nümayiş etdirilmişdir.
Sonda ADA-nın bakalavr pilləsində təhsil alan tələbələr
burada oxumaq arzusunda olan gənclərlə öz təcrübələrini
bölüşmüşlər. |