Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Baş
nazirinin katibliyi nəzdində fəaliyyət göstərən
"Pakistan Sweet Home" Fondu tərəfindən bu ölkənin
müxtəlif şəhərlərindəki 11 uşaq evinin 1200 sakini üçün
iftar süfrəsi təşkil edilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Baraha Ko şəhərində təşkil olunmuş
mərasimdə Pakistan Baş nazirinin xanımı Nüsrət Pervaz
Aşraf və qızı, Baş nazirin müşaviri Şahnaz Vazir Ali,
"Pakistan Sweet Home" Fondunun icraçı direktoru,
tanınmış siyasətçi Zamurad Xan, Pakistan Milli
Assambleyasının üzvləri, Azərbaycanın bu ölkədəki
səfirliyinin əməkdaşları, ölkənin aparıcı televiziya
kanallarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və
dəstəyi ilə respublikamızda və xarici ölkələrdə həyata
keçirilən təhsil və səhiyyə sahələrində layihələr barədə
ətraflı məlumat verilmiş, Pakistanın zəlzələdən zərər
çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşa
edildiyi vurğulanmışdır.
Həmçinin
bildirilmişdir
ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə
humanitar yardımlar
proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində
sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B
virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər
şəhərində "Akbar Care" serebral iflic institutunda
imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, Xayber
Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq
xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza
Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı,
laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım
maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz
Fondunun yeni binasının tikintisi üçün maddi yardım
göstərilmişdir.
Tədbirdə iştirak edən Pakistanın birinci xanımı Nüsrət
Pervaz Aşraf Mehriban xanım Əliyevanın təşəbbüsü və
dəstəyi ilə Pakistanda həyata keçirilən layihələrə,
həmçinin mübarək Ramazan ayında kimsəsiz uşaqlara iftar
süfrəsinin təşkil olunmasına görə Heydər Əliyev Fondunun
prezidentinə minnətdarlığını bildirmiş və bu aksiyanın
uşaq evlərinin sakinləri üçün böyük mənəvi dəstək
olduğunu vurğulamışdır.
Ş.Vazir Ali çıxışında Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə təşkil olunmuş genişmiqyaslı aksiyanı
yüksək qiymətləndirərək digər təşkilatları da bu
təşəbbüsə qoşulmağa çağırmışdır.
Zamurad Xan isə Ramazan sevincini kimsəsiz uşaqlarla
bölüşdüyünə görə Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Mərasim konsert proqramı ilə davam etmiş, uşaqlara
hədiyyələr təqdim olunmuşdur.
Pakistanın PTV dövlət televiziyası mərasimdən reportaj
hazırlamışdır.
Tədbir yerli mətbuatda geniş işıqlandırılmışdır.
AzərTAc |