Avqustun 8-9-da Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyətində ölkə Prezidentinin "Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət
Proqramı haqqında" 2012-ci il 23 may tarixli
sərəncamının icrasını həyata keçirmək məqsədilə
yaradılan işçi qrupunun yekun iclası keçirilmişdir.
İşçi qrupunun rəhbəri AMEA-nın Humanitar və İctimai
Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü
Kamal Abdullayevin sədrliyi ilə keçən iclasda Azərbaycan
dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının
artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun fəaliyyəti, dilçiliyin müasir
dövrün aktual problemləri ilə əlaqələndirilməsi,
ölkəmizdə dilçilik araşdırmalarının əsaslı surətdə
yaxşılaşdırılması və digər məqsədlərlə nəzərdə tutulmuş
Dövlət Proqramının hazırlanmış son variantının ümumi
müzakirəsi keçirilmişdir.
İclasda bloklar üzrə ümumiləşdirilmiş layihə hər bənd
üzrə ayrılıqda təhlil edilərək tamamlama işlərini
yekunlaşdırmaq üçün lazımi mütəxəssislərə təqdim
edilmişdir.
Dövlət Proqramı layihəsinin ən son variantı rəy üçün
müxtəlif nazirlik, dövlət idarə və təşkilat rəhbərlərinə
göndəriləcəkdir.
AzərTAc |