Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının
təsis edilməsi haqqında" beş il öncə imzaladığı tarixi
sərəncam Bakıdakı 221 nömrəli tam orta məktəbin
pedaqoji kollektivini sevindirdi. Bütün uğurlarını və
çətinliklərini düzgün təhlil edərək imkanlarını səfərbər
edən bu təhsil müəssisəsi də bu il şəffaf və ədalətli
qaydada keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinə qatıldı və nəticədə müsabiqənin qalibi
oldu. 221 nömrəli tam orta məktəbin pedaqoji kollektivi
bu yüksək mükafata və təhsilə göstərilən diqqət və
qayğıya görə dövlətimizin başçısına minnətdarlığını
bildirir.
Məktəbin direktoru Nizami Əzizov bildirdi ki,
2011-2012-ci tədris ili ərzində məktəbdə bütün fənlər
üzrə təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması
məqsədilə "açıq dərs"lər təşkil olunub, "dəyirmi
masa"lar keçirilib. Təlim-tərbiyənin keyfiyyətinin,
müəllim və şagirdlərin məsuliyyətinin artırılması
istiqamətində müntəzəm olaraq görülmüş işlər öz
nəticəsini verib. Son üç ildə məktəbi bitirən məzunların
əksəriyyəti yüksək balla respublikanın müxtəlif ali
məktəblərinə qəbul olub. Milli kurikulumun öyrənilməsi
və tətbiqi həmişə diqqət mərkəzində saxlanılıb.
Dərs ili müddətində şagirdlər müxtəlif fənn
olimpiadalarında iştirak edərək uğurlar qazanıb. Bu
nailiyyətlərin qazanılmasında pedaqoji kollektivin hər
bir üzvünün əməyi böyük olub. Məktəbin təcrübəli
pedaqoqları şagirdlərin təlim-tərbiyəsində, eləcə də
gənc müəllimlərin pedaqoji ustalığının artırılmasında
var qüvvələrini sərf edirlər.
Məktəbin idman sahəsində qazandığı nailiyyətlər də
böyük olub.
Təhsil ocağında çalışan müəllimlər kompüter hazırlığı
kurslarından keçiblər.
Qazanılan uğurlara baxmayaraq məktəbin pedaqoji
kollektivi heç də arxayınlaşmır, təlim-tərbiyə sahəsində
daha böyük uğurlar əldə etmək üçün səylə çalışır.
Şakir CƏFƏROV |