| 
						
						
						Azərbaycan Prezidenti İlham Əliyev yunan-Roma güləşi 
						yarışlarına baxıb  
						
						 London 
						XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən 
						yarışlar Azərbaycan idmançıları üçün uğurlu olmuşdur. 
						
						Avqustun 5-də Olimpiya Oyunlarında güləş yarışları 
						başlamışdır. 
						
						Azərbaycan idmançılarına dəstək vermək üçün dövlətimizin 
						başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham 
						Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi 
						yarışlarına baxmışdır. 
						
						Təmsilçilərimizdən ilkin olaraq mübarizəyə yunan-Roma 
						güləşində 55 kiloqram çəki dərəcəsində Rövşən Bayramov 
						qoşulmuşdur. Rövşən Bayramovun ilk rəqibi rusiyalı 
						Minqiyan Semyonov olmuşdur. 1/16 final mərhələsinin 
						görüşü dünya çempionumuz üçün uğurlu alınmışdır. İlk 
						hissədə 1:0 hesabı ilə qələbə qazanan Rövşən növbəti 
						hissədə də eyni hesab ilə qalib gələrək 1/8 finala 
						yüksəlmişdir. Bu dəfə onun rəqibi amerikalı Tomas Manqo 
						Spenser olmuşdur. Pəhləvanımız üçün asan keçən ilk hissə 
						rəqibin 0:4 hesablı məğlubiyyəti ilə başa çatmışdır. 
						
						Amerikalı güləşçi ikinci hissədə də çətin anlar yaşamış 
						və Rövşən yenə 4:0 hesabı ilə qələbə qazanmışdır. 
						Nəticədə güləşçimiz daha bir mərhələyə adlamışdır. 
						
						Rövşən Bayramov 1/4 finalda çinli Li Şujin ilə üz-üzə 
						gəlmişdir. Güləşçimiz ilk iki görüşündəki uğuru bu dəfə 
						də təkrarlamışdır. O, birinci hissədə rəqibindən üç, 
						ikinci hissədə isə iki xal alaraq yarımfinala çıxmışdır. 
						Finala gedən yolda Rövşən Koreya Respublikasının 
						təmsilçisi Qyunjin Çoi ilə güləşmişdir. R.Bayramov ilk 
						hissədə rəqibin parter vəziyyətindən xal qazanmasına 
						imkan verməmiş və nəticədə bir xal qazanmışdır. İkinci 
						hissədə isə Qyunjin Çoi parter vəziyyətinə düşmüşdür. 
						Burada aşırma fəndini ustalıqla yerinə yetirən 
						güləşçimiz finala yüksəlmişdir. Finalda onun rəqibi 
						iranlı Məhəmməd Soryan olmuşdur. Həlledici qarşılaşmada 
						pəhləvanımız cüzi fərq ilə uduzaraq gümüş medalla 
						kifayətlənmişdir. Bununla da Rövşən Bayramov Pekin 
						Olimpiadasında olduğu kimi, Londonda da yarışı gümüş 
						mükafatla başa vurmuşdur. 
						
						Olimpiyaçılarımızdan bürünc medalı isə yunan-Roma güləşi 
						yarışlarında başqa bir idmançımız - 74 kiloqram çəki 
						dərəcəsində mübarizə aparan Emin Əhmədov qazanmışdır. 
						İlk dəfə Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı 
						qazanan Emin Əhmədov 74 kiloqram çəki dərəcəsində 
						mübarizə aparmışdır. Püşkün nəticəsinə görə, dördilliyin 
						ən mötəbər yarışına 1/8 final mərhələsindən başlayan 
						Emin əvvəlcə xorvatiyalı Neven Zuqaj ilə qarşılaşmışdır. 
						
						Bu görüşədək digər həmyerlimiz Rövşən Bayramovun növbəti 
						mərhələyə yüksəlməsi E.Əhmədova əlavə ruh yüksəkliyi 
						vermişdir. Bunun da nəticəsi kimi pəhləvanımız Xorvatiya 
						təmsilçisini hər iki hissədə məğlub edərək 1/4 final 
						mərhələsinə adlamışdır. Növbəti mərhələdə isə 
						E.Əhmədovun rəqibi daha güclü idmançı olmuşdur. Buna 
						baxmayaraq, gənc güləşçimiz gürcüstanlı Zurab 
						Datunaşvilini də mübarizədən kənarlaşdırmışdır. O, ilk 
						hissədə rəqibinə uduzsa da, sonrakı hissələrdə qələbə 
						qazanmış və yarımfinala çıxmışdır. Lakin təəssüf ki, 
						pəhləvanımız finala vəsiqə qazana bilməmişdir. Buna 
						baxmayaraq, o, Olimpiya Oyunlarını mükafatla başa 
						vurmuşdur. Emin Əhmədov bürünc medal uğrunda görüşdə 
						belaruslu Aleksandr Kikinyov ilə görüşmüşdür. Gərgin 
						keçən qarşılaşmanın ilk hissəsində rəqib irəlidə olsa 
						da, Emin növbəti hissələrdə ona heç bir şans 
						verməmişdir. Nəticədə ardıcıl iki hissədə qalib gələn 
						pəhləvanımız bürünc medala yiyələnmişdir. Bu, Azərbaycan 
						yığmasının Londonda qazandığı üçüncü medal olmuşdur. 
						
						Yunan-Roma güləşi üzrə 55 və 74 kiloqram çəki 
						dərəcələrində yarışlar başa çatdıqdan sonra Prezident 
						İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə 
						komandasının baş məşqçisi Saleh Bora ilə görüşmüşdür. 
						
						Dövlətimizin başçısı Azərbaycan idmançılarının 
						çıxışlarını yüksək qiymətləndirmiş, baş məşqçidən uğurlu 
						çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da 
						təbriklərini çatdırmağı xahiş etmişdir. 
						
						XXX London Yay Olimpiya Oyunlarının boks yarışında artıq 
						Azərbaycan milli komandasının bir üzvünün medal 
						qazanması rəsmiləşmişdir. 91 kiloqram çəki dərəcəsində 
						dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov 
						1/4 finalda belaruslu Sergey Korneyevi məğlub edərək, 
						yarımfinala vəsiqə qazanmışdır. İlk raundda rəqibindən 
						daha yaxşı təsir bağışlayan həmyerlimiz beş xallıq 
						üstünlük əldə etmişdir - 9:4. T.Məmmədov ikinci və 
						üçüncü hissələrdə təşəbbüsü əldən versə də, yekunda 
						qələbə qazanmışdır. Boksçumuz bu uğura ilk raunddakı 
						gözəl döyüşün nəticəsində nail olmuşdur. Belə ki, 
						qarşılaşma 19:19 hesabı ilə heç-heçə bitmişdir. Teymur 
						hakimlərin rəyinə əsasən, qalib elan olunmuşdur. Bununla 
						da T.Məmmədov ən azı bürünc medalı özünə təmin etmişdir. 
						
						Qadınların boks yarışında yeganə təmsilçimiz Yelena 
						Vıstropova təəssüf ki, elə ilk görüşündə məğlubiyyətlə 
						barışmalı olmuşdur. 75 kiloqram çəki dərəcəsində yarışan 
						idmançımız nigeriyalı Edit Oqokeyə iki xal fərqi ilə 
						uduzmuşdur.  
						
						
						AzərTAc  |