İngilis
dili müəllimi kimi dərs dediyim məktəbdə İKT-dən
elektron dərsliklərdən, İnternet resurslarından
istifadəyə geniş yer verirəm. Xüsusilə İKT-dən fəal dərs
prosesinin bütün mərhələlərində motivasiya, tədqiqat işi,
məlumat mübadiləsi, məlumatın müzakirəsi və təşkili,
ümumiləşdirmə və nəticə, qiymətləndirmə, yaradıcı
tətbiqetmədə (ev tapşırıqlarının verilməsi) istifadə
edirəm.
Dərslərimdə interaktiv təlim metodlarını tətbiq edərək
təlim keyfiyyətini yaxşılaşdırmaqla yanaşı,
şagirdlərimdə tədqiqatçılıq meyillərini artırmağa,
tənqidi təfəkkürün inkişafına çalışıram. Mən yeni dərsə
hazırlaşarkən İKT-dən daha səmərəli istifadə edirəm.
Məsələn, yeni dərsə aid tematik təqdimatlar,
qiymətləndirmə üçün motivasiyaya uyğun əlavə materiallar
və dərs zamanı əlavə olunan yeni məlumatın müzakirəsi
üçün təqdimatlar hazırlayıram.
Bildiyiniz kimi, müəllim tərəfindən hazırlanan
təqdimatların üstünlükləri isə təqdim olunan müxtəlif
audio və video materiallarının bir-birini tamamlaması,
ayrı-ayrı slaydların paylayıcı material kimi istifadə
oluna bilməsi, bütün sinfin diqqətinin tam olaraq cəlb
edilməsi, yeni dərsin daha yaxşı mənimsənilməsi və dərs
vaxtından səmərəli istifadə olunmasından ibarətdir.
İKT-dən istifadə edərkən onun ən mühüm tələblərini
yerinə yetirmək lazımdır; slaydların nümayişi zamanı
rənglərin düzgün seçilməsi, şablonların sadə qurulması,
animasiyaların və səs effektlərinin keyfiyyətli
istifadəsi, şəkillərin ölçüsünün uyğun olması və bütün
şriftlərin rahat görə biləcəyi ölçüdə olması.
İnformasiya - təhsil mühiti formalaşdıqca öyrədən,
öyrənən və İKT vasitələri arasında yeni səviyyəli
informasiya mübadiləsi imkanları yaranır. Nəticədə
dərslərimdə şagirdlər informasiya proseslərinə daha fəal
cəlb edilir, onların yeni bilik axtarmaq və əldə etmək,
informasiya resurslarına və proseslərinə tənqidi,
yaradıcı yanaşmaq, bu əsasda yeni-yeni informasiya
resursları yaratmaq, onlara yoldaşları ilə mübadilə,
layihə formasında əməkdaşlıq etmək, müzakirələrə
qoşulmaq, öz rəyini bildirmək imkanını yaradıram.
Şagirdlərim də qazandıqları bilikləri nəzəri ideyalarla
yox, praktiki fəaliyyətlər, təqdimatlar və rollu
oyunlarla çatdırırlar. Baxmayaraq ki, hazırda dərs
dediyim IX "a" sinfinin şagirdləri yay tətilindədir,
onlar İnternet vasitəsilə mənimlə vaxtaşırı əlaqə
saxlayır və İKT sahəsində biliklərini fasiləsiz olaraq
təkmilləşdirirlər. Həmin şagirdlərimdən Mehriban
Quliyeva və Aysel Cəbrayılova Bakıda, Turqay Adıgözəlov
və Fəhmin Seyidov Naxçıvanda, Münəvvər Səttarova
Lənkəranda, Murad Əliyev Zaqatalada istirahət etmələrinə
baxmayaraq, İnternet vasitəsilə ingilis dilində yazılı
və şifahi nitqdə olan sözlərin deyilişi, yazılışı, ətraf
mühitə, milli bayramlarımıza, adət-ənənələrimizə aid
sözlərdə olan mübahisəli sualları onlar üçün düzgün
cavablandırıram. İstirahət günlərimiz olmasına
baxmayaraq, İnternet vasitəsilə belə yazışmalarımız
demək olar ki, hər gün davam edir.
Beləliklə də istər dərs zamanı, istərsə də yay tətili
dövründə təhsil sahəsində gördüyüm işlərin əsas qayəsi
təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək
inkişafı və tərəqqisini təmin edəcək, problemləri həll
etməyə qadir olan, sərbəst fikir yürüdən, istedadlı və
yaradıcı fəaliyyət qabiliyyətinə malik gənc nəsil
yetişdirməkdir. Şagirdləri dəyişən həyat şəraitinə
uyğunlaşmağı bacaran şəxsiyyət kimi formalaşdırmaq bu
gün hər bir müəllimin və eləcə də mənim qarşımda duran
əsas vəzifədir.
Səbinə ZEYNALOVA,
Bakıdakı 193 nömrəli tam orta məktəbin ingilis dili
müəllimi |