SAATLI.
Rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyevdən
aldığımız məlumatda bildirilir ki, hazırda rayonda
Təhsil Nazirliyinin sifarişi ilə 120 şagird yerlik
Genişkənd ümumi orta məktəbində, Saatlı Rayon İcra
Hakimiyyətinin sifarişi ilə isə 180 yerlik şəhər 2
nömrəli ümumi orta, 80 şagird yerlik Sarıcalı ümumi
orta və 300 yerlik şahmat məktəbinin binalarında son
tamamlama işləri aparılır.
Yeni tədris ilində istifadəyə veriləcək həmin məktəb
binaları müasir tədrisin yüksək səviyyədə təşkili üçün
hər cür şəraitlə təmin olunacaq.
Bu məktəb binalarının hər birində geniş kitabxana, kimya
və fizika laboratoriyaları, kompüter otağı, fənn
kabinetləri, idman zalı, eləcə də mərkəzləşdirilmiş
qaydada işləyəcək istilik sistemi quraşdırılması nəzərdə
tutulub.
Eyni zamanda rayonun Qıraqlı və Əliabad kəndlərində də
220 və 180 şagird yerlik müasir tələblərə cavab
verəcək məktəb binaları inşa edilir.
GƏDƏBƏY.
Bu il Gədəbəy rayonunda 5 yeni məktəb binası istifadəyə
veriləcək. Rayon təhsil şöbəsindən aldığımız məlumata
görə, bunlar Qoşabulaq kənd 1 nömrəli tam orta,
Slavyanka kənd 2 nömrəli tam orta, Arıqdam kənd tam orta,
Novo-Saratovka kənd tam orta və Samanlıq kənd tam orta
məktəbləridir. Slavyanka kənd 2 nömrəli və Arıqdam kənd
tam orta məktəblərinin hər biri üçün 380 şagird yerlik,
Qoşabulaq kənd 1 nömrəli tam orta, Novo-Saratovka və
Samanlıq kənd tam orta məktəblərinin hər biri üçünsə 220
şagird yerlik yeni binalar inşa olunur.
Hazırda məktəblərin beşində də son tamamlama işləri
görülür. Yeni məktəblərin hər birində kompüter otaqları,
fənn kabinetləri və laboratoriyaları, idman zalları
nəzərdə tutulmuş, mərkəzləşdirilmiş istilik sistemləri
yaradılmışdır. Məktəblərin hamısı müasir inventarlarla
təmin ediləcəkdir.
"AZƏRBAYCAN MÜƏLLİMİ" |