Çin Xalq Respublikasında təhsil alan azərbaycanlı tələbə
Vüsal Qurbanov bu ölkənin ən nüfuzlu ali təhsil
ocaqlarından olan Tsinghua Universitetinin hüquq
fakültəsini bitirmişdir. Tsinghua Universitetinin ilk
azərbaycanlı məzunu olan V.Qurbanov dünyanın 60-dan çox
ölkəsini təmsil edən 289 məzundan biridir.
Azərbaycanlı tələbənin diplom işinin mövzusu isə "Xocalı
beynəlxalq soyqırımı cinayətidir" olmuşdur. Çin
ictimaiyyətini, elmi dairələri Xocalı faciəsi haqqında
daha yaxından tanıtmaq məqsədi daşıyan bu diplom işi
universitetin ən yaxşı diplom işinə namizəd irəli
sürülmüş və ölkənin 6 ən qabaqcıl universitetinin hüquq
fakültəsi müəllimlərinin rəyi ilə yekdilliklə qəbul
olunmuşdur. Mövzu BMT-nin keçmiş Yuqoslaviya üzrə
Beynəlxalq Tribunalında prokuror köməkçisi işləmiş
professor Cia BinBinqin marağına səbəb olmuşdur. O,
Azərbaycanın haqlı mövqeyini təsdiqləmiş, beynəlxalq
ədalət məhkəməsində bu işə düzgün qiymət verilməsi
haqqında məsləhətlərini bildirmişdir.
Tələbəmiz gələcəkdə bu mövzuda Çində kitab nəşr
etdirməyi də planlaşdırır.
2005-ci ildən Çində bakalavr təhsili alan V.Qurbanov
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı çərçivəsində Çində magistr təhsili alan
ilk azərbaycanlı tələbə adına layiq görülmüşdür. O,
Çində təhsil alan azərbaycanlı tələbələrin
təşkilatlanması işində də fəallıq göstərmiş, Xaricdə
Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin
Beynəlxalq Forumu - ASAİF-in bu ölkədəki nümayəndəsi
olmuşdur.
AzərTAc |