Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası və Qafqaz Universitetinin 13 tələbəsi bu il
iyulun 2-dən 13-dək Türkiyə Respublikasının Samsun
Böyükşəhər Bələdiyyəsində 2 həftəlik təcrübə proqramı
keçiblər. Qafqaz Universitetinin Mətbuat xidmətindən
verilən məlumata görə, Azərbaycandan gəlmiş tələbələrlə
görüşən Samsun Böyükşəhər Bələdiyyəsinin başçısı Yusuf
Ziya Yılmaz belə fəaliyyətlərin iki qardaş ölkə adına
çox faydalı olduğunu qeyd edərək, gələcəkdə də bu
əlaqələrin davam etdiriləcəyini bildirib, onlara
müvəffəqiyyətlər arzulayıb. Azərbaycanlı tələbələr
Samsun Böyükşəhər Bələdiyyəsinin başçısı Yusuf Ziya
Yılmaza ölkəmizin milli tarixini özündə əks etdirən
hədiyyələr təqdim edərək belə bir imkanı yaratdıqlarına
görə öz səmimi təşəkkürlərini bildiriblər.
Tələbələr iki həftə müddətində bələdiyyənin nəzdində
fəaliyyət göstərən 5 şöbədə istehsalat təcrübələri
keçiblər. Eyni zamanda Samsun Böyükşəhər
Bələdiyyəsində həftədə iki dəfə toplanan bələdiyyə
məclisinin iclasında da müşahidəçi kimi iştirak ediblər.
Təcrübədən əlavə həftə sonunda tələbələrimizin Samsun
şəhərinin tarixi məkanlarını gəzmək imkanı da olub.
Təcrübənin sonunda tələbələrin təcrübə dəftərləri
yoxlanılaraq qeydiyyata alınıb və onlara sertifikatlar
təqdim olunub. Samsuna bağlı olan Bafra Bələdiyyə
başçısı Zihni Şahinin qəbulunda da olan tələbələr
təcrübənin son günündə Bafra Bələdiyyəsinin
fəaliyyətləri ilə tanış olublar.
Y.ƏLİYEV |