Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Avqsut 2012 - №30

 

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması üzrə AMEA-nın işçi qrupunun kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə iclası keçirilib

 

İyulun 27-də AMEA Rəyasət Heyətində "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın layihəsini hazırlayan işçi qrupun üzvləri respublikanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşlər.

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin sədrliyi ilə keçirilən iclasda AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, tanınmış jurnalistlər, media təmsilçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü K.Abdullayev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" layihəsinin hazırlanması üzərində AMEA-nın alimləri, ali təhsil müəssisələrinin əməkdaşları və aidiyyəti nazirliklərin nümayəndələrinin çalışdıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırmış, işçi qrupun bu günə kimi gördüyü işlər haqqında məlumat vermişdir. O, dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanları, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması, dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsinin yüksək estetik tələblərə cavab verməməsi kimi məsələlərin respublika Prezidentinin məlum sərəncamında vurğulandığını diqqətə çatdırmışdır. K.Abdullayev KİV nümayəndələrini Dövlət Proqramının hazırlanması ilə bağlı müzakirələrə dəvət edərək, onların faydalı təkliflər irəli sürəcəyinə əmin olduğunu ifadə etmişdir.

İclasda AzərTAc-ın baş direktoru A.Aslanov, "Azərbaycan" qəzetinin baş redaktoru B.Sadıqov, "525-ci qəzet"in baş redaktoru R.Məcid, Mətbuat Şurasının sədri Ə.Amaşov, Assa-irada informasiya agentliyinin baş redaktoru F.Abbasov, BDU-nun jurnalistika fakültəsinin dekanı Ş.Vəliyev, professor N.Əhmədli, media ekspertləri Q.Məhərrəmli, Z.Məmmədli, APA informasiya agentliyinin direktoru V.Mahirqızı, İREX-in media məsələləri üzrə hüquqşünası Ə.Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri Y.Məmmədli çıxış edərək Azərbaycan Prezidentinin sərəncamında qaldırılan məsələlərə münasibət bildirərək, dilimizin qorunmasına böyük ehtiyacın olduğunu qeyd etmişlər.

Müzakirələrin gedişində orta məktəblərdə Azərbaycan dili dərslərinin tədris saatlarının artırılması, ali məktəblərin bütün fakültələrində nitq mədəniyyəti fənninin tədrisi, qəzetlərdə korrektor və stilist redaktor vəzifələrinin bərpası, respublika üzrə vahid nüfuzlu Dil Qurumunun yaradılması, televiziyalarda bədii şuraların bərpa olunması, sosial şəbəkələrə yönəldilmiş xüsusi şuraların yaradılması, orfoqrafiya, orfoepiya lüğətlərinin vaxtaşırı çap olunması, inzibati metodların tətbiqi, ictimai qınağın gücləndirilməsi, Dilçilik İnstitutunda KİV-lərin dili ilə məşğul olan şöbənin açılması, dil polisinin yaradılması, dillə bağlı olimpiadaların keçirilməsi və s. təkliflər səsləndirilmişdir.

***

İyulun 31-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın layihəsini hazırlayan işçi qrupun növbəti iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev işçi qrupun bu günədək gördüyü işlərdən bəhs edərək onun fəaliyyətini qənaətbəxş hesab etmişdir. O, işçi qrupun müxtəlif dövlət qurumlarının, cəmiyyətin müxtəlif sosial zümrələrinin nümayəndələri ilə keçirdiyi görüşlərə yekun vurulduğunu nəzərə çatdırmış, bu görüşlərin Dövlət Proqramının hazırlanmasında böyük faydası olduğunu bildirmişdir.

İclasda Dövlət Proqramının hazırlanması üçün irəli sürülmüş təkliflər ətrafında müzakirələr aparılmışdır. Təkliflər bloklar üzrə ümumiləşdirilərək redaktə edilmək üçün işçi qrupun üzvlərinə təqdim olunmuşdur. Dövlət Proqramı layihəsinin növbəti iclasda keçiriləcək ümumi müzakirəsindən sonra onun müxtəlif nazirlik, dövlət idarə və təşkilat rəhbərlərinə rəy üçün göndərilməsi qərara alınmışdır. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov