İyulun
27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında
"Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq
Simpoziumun açılış mərasimi oldu.
Simpoziumun iştirakçıları əvvəlcə Naxçıvanın tarixi ilə
bağlı yazılmış kitab və monoqrafiyalardan, arxeoloji
qazıntılar, aparılan tədqiqatlar zamanı əldə olunan
maddi mədəniyyət nümunələrindən ibarət sərgi ilə tanış
oldular.
Sonra simpozium öz işinə başladı. İştirakçılar Naxçıvan
Dövlət Televiziyasının istehsalı olan "Naxçıvanda ilkin
şəhər mədəniyyəti" adlı sənədli filmə baxdılar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbov beynəlxalq simpoziumun açılışı münasibətilə
iştirakçı və qonaqları təbrik etdi. Bildirildi ki,
Azərbaycan xalqı çox qədim və zəngin tarixə malikdir.
Ölkəmiz müstəqillik qazandıqdan və ulu öndər Heydər
Əliyev ikinci dəfə ali hakimiyyətə qayıtdıqdan sonra bir
sıra taleyüklü məsələlər kimi Azərbaycan tarixinin,
arxeologiya və etnoqrafiyasının konkret faktlar əsasında
tədqiq olunması sahəsində də əsaslı tədbirlər görülməyə
başlandı. Qeyd olundu ki, 1996-cı il iyulun 10-da
Naxçıvan tarixinin öyrənilməsinə həsr olunmuş
"Uluslararası qaynaqlarda Naxçıvan" mövzusunda
beynəlxalq simpoziumundan ötən müddətdə xeyli iş
görülmüş, ümummilli liderin tövsiyələrinə uyğun olaraq,
Naxçıvan barədə qədim qaynaqlar, tarixi mənbələr tədqiq
edilmiş, beynəlxalq elmi forumlar keçirilmiş, 1200-ə
yaxın tarixi abidə öyrənilərək pasportlaşdırılmış,
50-dən artıq tarixi abidədə bərpa və yenidənqurma
işləri aparılmışdır. Ali Məclisin sədri beynəlxalq
simpoziumun öz qarşısında bəşər sivilizasiyasının mühüm
ocaqlarından biri olmuş Naxçıvanın tarixinin ən qədim
dövrünə dair elmi baxışların və nəticələrin
sistemləşdirilməsi, vahid elmi fikrin formalaşdırılması
kimi konkret məqsəd qoyduğunu bildirdi.
Beynəlxalq simpoziumda Azərbaycanın və xarici ölkələrin
nüfuzlu elmi müəssisələrini təmsil edən alimlərin, qədim
tarix üzrə mütəxəssislərin iştirakının elmi forumun
uğurla keçəcəyinə, qarşısına qoyduğu məqsədə çatacağına,
5 min yaşlı Naxçıvanın bəşər mədəniyyətinin ən dəyərli
incilərindən biri olduğunu təsdiqləyəcəyinə əminliyini
ifadə etdi.
Simpoziumun plenar iclasında Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, akademik Nailə Vəlixanlı
"Naxçıvan ilkin şəhər mədəniyyətinin tədqiqində və
təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin
materiallarının əhəmiyyəti", Naxçıvan Dövlət
Universitetinin rektoru, akademik İsa Həbibbəyli "Nuhdaban
oturaq məkanı və Duzdağ şəhərətrafı mədəniyyəti",
Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin
əməkdaşı, dosent-doktor Lauren Ristvet "2008-2012-ci
illərdə Oğlanqalada aparılmış Azərbaycan-amerikan
qazıntı işləri", Fransa Elmi Araşdırmalar Mərkəzinin
əməkdaşı, dosent-doktor Katerine Marro "Duzdağda duz
mədən sənayesinin mənşəyi və inkişafı", rusiyalı qonaq,
tarix elmləri doktoru, Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının akademiki Rudolf İvanov "Naxçıvan duz
mədənlərinin rusiyalı tədqiqatçıları", AMEA Tarix
İnstitutunun direktoru, professor Yaqub Mahmudov
"Naxçıvan - müasir sivilizasiyanın ən qədim
mərkəzlərindən biri kimi" və Ukrayna Elmlər
Akademiyasının Arxeologiya İnstitutunun şöbə müdiri,
tarix elmləri doktoru, professor Vitali Otroşenko
"Gəmiqaya petroqliflərinin dünyası: yanaşmalar və
şərhlər" mövzularında məruzə etdilər.
Simpozium öz işini bölmə iclasları ilə davam etdirdi,
mövzu ilə bağlı məruzələr və çıxışlar dinlənildi, elmi
müzakirələr aparıldı.
Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər
və xarici dillər fakültəsində keçirilən bölmə iclasını
giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli
simpoziumun Naxçıvanın 5000 illik tarixinin tədqiqi
baxımından əhəmiyyətini vurğuladı, iclasın işinə uğurlar
dilədi. Bölmələrdə Qaya duzu istehsalı və ticarətinin
mədəniyyətin inkişafında rolu, Türk mədəniyyətində duzun
yeri və əhəmiyyəti, Çorox hövzəsinin qədim Kolxid
metallurgiyası və digər mövzularda məruzələr dinlənildi.
Sonda bölmələrin işi ilə bağlı fikirlər dinlənildi.
Beynəlxalq simpoziumun yekun iclası AMEA-nın Naxçıvan
Bölməsində keçirildi.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |