Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində
iştirak edib
Avqustun
2-də Bakının Suraxanı rayonunun Yeni Suraxanı
qəsəbəsindəki R.Abdinov adına 85 nömrəli tam orta
məktəbin yeni korpusunun açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
açılış mərasimində iştirak etmişdir.
Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi ilə bağlı həyata keçirilən
tədbirlərin icrası ilə əlaqədar dövlətimizin başçısı
paytaxtın Suraxanı rayonunda görülən işlərlə tanış
olarkən Yeni Suraxanı qəsəbəsinin sakinləri 85 nömrəli
orta məktəbin bir korpusunun tamamilə yararsız
vəziyyətdə olduğunu bildirmiş və bu tədris ocağının
yenidən qurulmasına kömək göstərilməsini xahiş
etmişdilər.
Prezident İlham Əliyev yeni korpusun inşa olunması ilə
bağlı yerindəcə göstərişlər vermişdi. 2011-ci ilin
iyulunda dövlətimizin başçısı məktəbin kollektivi ilə
birlikdə yeni tədris korpusunun təməlqoyma mərasimində
iştirak etmişdi. Üç mərtəbədən, 27 otaqdan ibarət yeni
korpusun tikintisi qısa vaxt ərzində müasir tələblər
səviyyəsində başa çatdırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev yeni korpusun rəmzi
açılışını bildirən lenti kəsdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə
məlumat verdi. İnşa olunan yeni korpusda 480 şagird
təhsil alacaqdır.
Üç korpusdan ibarət 85 nömrəli məktəbdə ümumilikdə 840
şagirdin təhsil aldığı bildirildi. Dövlətimizin başçısı
yeni korpusun foyesində ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin təhsil sahəsində gördüyü işləri
əks etdirən fotostendə baxdı. Burada şagirdlərin təhsil
almaları üçün bütün şəraitin yaradıldığı vurğulandı.
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına və
fənn kabinetlərinə baxdı, buradakı şəraitlə yaxından
tanış oldu.
Fizika, kimya və digər fənn kabinetlərinin, təcrübə
laboratoriyalarının tədris üçün lazım olan ən müasir
avadanlıqla təchiz olunduğu qeyd edildi. Məktəbin
ərazisində yeni dərs ilinə qədər idman və akt
zallarının, yeməkxananın inşa olunacağı da nəzərdə
tutulur. Ərazidə açıq idman meydançasının salınacağı da
vurğulandı.
85 nömrəli məktəbin yeni korpusunda yaradılan şəraitlə
tanışlıqdan sonra dövlətimizin başçısı müvafiq
tapşırıqlarını verdi.
AzərTAc |