Prezident İlham Əliyev yarışa baxıb
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında
Azərbaycan ilk medalını qazanmışdır. Ağır
atletika üzrə yarışda 56 kiloqram çəki
dərəcəsində mübarizə aparan idmançımız Valentin
Xristov 286 xalla bürünc medala sahib olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva yarışa baxmışlar.
Valentin Xristov birdənqaldırmada 120 kiloqram,
təkanlaqaldırmada isə 150 kiloqram qaldırmaq
istədiyini bildirmişdir. İdmançımızın ilk cəhdi
uğurlu olmuşdur. O, 120 kiloqram çəkini 123
kiloqram çəkiyə dəyişmiş və birdənqaldırmada
bunun öhdəsindən asanlıqla gəlmişdir.
Rəqiblərinin çıxışına uyğun olaraq, Valentin
Xristov ikinci cəhdində 127 kiloqram çəki
sifariş vermiş və bunun da öhdəsindən məharətlə
gəlmişdir. Nəhayət, üçüncü cəhddə atletimiz 130
kiloqram sifariş versə də, buna nail ola
bilməmiş və 127 kiloqram çəki ilə kifayətlənməli
olmuşdur. Nəticədə idmançımız birdənqaldırmada
dördüncü yeri tutmuşdur.
Təkanlaqaldırmada idmançımız rəqiblərinin
çıxışına uyğun olaraq 154 kiloqram sifariş etmiş
və ağırlığı uğurla başı üzərinə qaldırmışdır.
İkinci cəhddə o, 158 kiloqram sifariş etsə də
bunun öhdəsindən gələ bilməmişdir. Amma üçüncü
cəhddə Valentin Xristov 159 kiloqram çəki
sifariş etmiş və bu dəfə ağırlığı qaldıra
bilmişdir.
Beləliklə, ümumi nəticədə 286 xal toplayan
Valentin Xristov üçüncü pillədə qərarlaşmış və
Azərbaycan millisinə London Olimpiadasında ilk
medalını qazandırmışdır.
Dövlətimizin başçısı ağır atletimizi və
yığmamızın məşqçilər korpusunu qələbə
münasibətilə təbrik etmişdir.
AzərTAc |